Şəmkir rayonunun Çaparlı kəndində 2 mərtəbəli fərdi yaşayış evində baş verən partlayışa görə usta məsuliyyətə cəlb edilib. Buna səbəb partlayış baş verən evdə günlər əvvəl qaz sızmasının müəyyən edilməməsi olub. Əraziyə baxışa gəlsələr də, heç bir tədbir görməyiblər.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Murad Mərdanova məxsus evdə baş verən partlayışda ailənin 3 üzvü - 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985-ci il təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq müxtəlif xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açıldıqdan sonra “Azəriqaz” İctimai Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası Sadıq Əhmədov məsuliyyətə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq zamanı məlum olub ki, Murad Mərdanova məxsus evə qaz sızması vaxtında aşkar edilməyib. Belə ki, M.Mərdanova məxsus evin yaxınlığından keçən qaz borusunun torpaq altındakı hissəsində qaz sızması olub. Qaz torpaq altı ilə sızaraq Murad Mərdanova məxsus evə dolub. Qaz sızması hadisədən bir neçə gün əvvəl ev sakinləri tərəfindən hiss edilib.
Qəza-dispetçer xidmətinin ustası Sadıq Əhmədov əraziyə baxış keçirib. Lakin qaz sızması borunun torpaq altında olan hissəsində olduğu üçün heç nə edə bilməyib. Bunun üçün texnika lazım olduğunu rəhbərliyə məruzə edib. Ərazini qırmızı boya ilə işarələyib. Sadıq Əhmədov bir gün sonra həmin kəndə yenə gəlib və sızmalarla bağlı baxış keçiriblər. Bu dəfə də Mərdanova məxsus evdəki sızma ilə bağlı tədbir görülməyib.
Partlayış baş verən zaman Murad Mərdanov qonşuluqda yaşayan əmisigildə olub. Səsə həyətə çıxan zaman evində partlayış olduğunu bilib. M.Mərdanov usta Sadıqdan şikayətçi olmayıb. Amma evlərinə dəymiş 58 min manatlıq ziyanın ödənilməsini istəyib.
Məhkəmə Sadıq Əhmədov barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Məhkəmə dəymiş zərərin “Azəriqaz” İB-dən tutularaq zərərçəkmiş Murad Mərdanova ödənilməsini təmin edib.
Bizim.Media