Xəbər verildiyi kimi, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun 1 yanvar 2025-ci ildən qüvvəyə minib.
MÖVZU İLƏ BAĞLI:
İstirahət dedikdə niyə ağlımıza yeyib-içmək GƏLİR?
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü bəndində edilmiş dəyişikliyə əsasən, ƏDV ödəyicisi olan vergi ödəyiciləri və əvvəlki 12 aylıq dövriyyəsi 200 min manatdan artıq olan ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin aylıq nağd ödənişlərinin həcmi öncəki aydakı ƏDV-daxil ümumi dövriyyənin 2% həddində ola bilər. Lakin bu hədd 50.000 manatdan artıq ola bilməz.
Sözügedən qanun kafe və restoranlarda nağdsız ödənişlərin daha da artmasına səbəb olacaq.
Bəs bu vəziyyət qiymətlərə necə təsir edəcək?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, nağd ödənişin maksimum həddinin müəyyən edilməsi başadüşüləndir:
“Çünki iaşə obyektlərində nağd ödəniş daha çox olur. Bunun da müxtəlif səbələri var. Ən başlıcası isə obyekt sahibi terminalın olmamasını bəhanə gətirir. Bu vəziyyətdə vətəndaşlar şikayətçi olmaqdan çəkinirlər. Amma unutmayaq ki, belə vəziyyət qanun pozuntusudur. Hər bir iaşə obyektində terminal olmalıdır. Belə olarsa, o zaman inzibati tədbirlərə də ehtiyac qalmaz.
Hesab edirəm ki, nağd ödənişin maksimum həddinin müəyyən edilməsi bu sahədə müəyyən irəliləyişə səbəb olacaq. Amma problem tam həllini tapmayacaq. Çünki restoran sahibləri vergidən yayınmaq üçün yenə də müxtəlif yollara əl atacaq”.
Müsahibimiz hesab edir ki, nağdsız hesablaşmada problemin əsas tərəflərindən biri vətəndaşdır:
“Çox zaman vətəndaş iaşə obyektində nağdsız ödənişə o qədər də maraq göstərmir. Hətta bəziləri terminal istəməyi özü üçün ayıb sayır. Bundan da bəzi işbazlar faydalanır. Hətta bir çox hallarda iaşə obyektində nağdsız ödənişdən yayınmaq üçün terminalın olmaması bəhanə gətirilir. Belə vəziyyətdə isə çoxları buna etiraz etmir. Hətta obyekt sahibinin şəxsi debet kartına ödəniş edənlər də olur.
Amma bu vəziyyətdə ən çox itirən vətəndaş və dövlət olur. Çünki dövlət nəticədə verginin düzgün hesablanmamasıyla üzləşir, vətəndaş isə kəşbekindən olur. Sonda onu da qeyd edim ki, nağdsız ödənişin əsas tələb kimi qoyulması yaxın gələcəkdə iaşə obyektlərində qiymət artımına səbəb olacaq”.
Surxay Atakişiyev, Bizim.Media