Bu gün 92 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 512 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi müsahibə elan edilən vəzifələrin 15-i inzibati vəzifələrin dördüncü təsnifatına, 43-ü beşinci təsnifatına, 77-si altıncı təsnifatına və 377-si yeddinci təsnifatına aiddir.
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi(98 vəzifə) tərəfindən təqdim olunub. Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 227-si 46 yerli icra hakimiyyəti orqanı tərəfindən, 18-i 8 məhkəmə hakimiyyəti orqanı tərəfindən, 89-u Naxçıvan Muxtar Respublikasının 20 dövlət orqanı tərəfindən təqdim edilib.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir.
Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir. Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Bizim.Media