ƏBƏDİ MÜDAFİƏÇİLƏR – Sizin əmanətiniz göz bəbəyimizdir!

Hazırda oxunan: ƏBƏDİ MÜDAFİƏÇİLƏR – Sizin əmanətiniz göz bəbəyimizdir!

23129

Onlar qapıya çatanda, Ayşən qorxulu gözləri ilə anasına baxdı, yeri unutmuşdu deyəsən. Sanki atasının önündə bir böyük günah işlətmiş kimi hiss etdi özünü. Mətanət hər şeyi anlayıb sakitcə, Ayşənin əlindən tutub, ona istiqaməti göstərdi. 

Ayşən ehmalca məzara yaxınlaşıb “Ata bu gün mən sənə hədiyyə gətirmişəm” deyə cibindən məktub çıxarıb, məzarın üzərinə qoydu...

Hər il 1 iyunda atası onu təbrik edirdi, vaxt-macal edib onun görüşünə gəlirdi. Bu dəfə isə Ayşən atasının görüşünə gəlmişdi. Soyuq məzar daşından qaragözlü balasına baxırdı ata. 

Şəhid Elşən Musayevin canını fəda etdiyi bu torpaqlarda üç övladı böyüyür. 

Bu dəfəki 1 iyun bütün şəhid övladları kimi onlar üçün də fərqli idi... İndi onlar ataları ilə gəzməyə getməyəcək, onlarla boy-boy foto çəkdirə bilməyəcək. Bu gün onlar atalarından şokalad, kökə, oyuncaq ala bilməyəcək. 

Bu dəfə övladlar ana torpağın qucağında əbədi uyuyan valideynlərinə laylay deyəcəklər... 
İndi onlar “yat, ata, rahat yat, hər şey yaxşıdır” deyəcəklər. 

“Şuşa bizdədir, ata! Qarabağ Azərbaycandır, ata!” – deyib təsəlli olacaqlar özləri öz sınıq könüllərinə.

1 iyun, bütün uşaqların azad gəzə biləcəyi torpaqların müdafiəsi üçün canlarını verdiyi ŞƏHİDLƏRİN balalarının da müdafiəsi günüdür! 

Onları atasızlıqdan, sevgisizlikdən, laqeyidlikdən müdafiə etmək isə bütün Azərbaycanın boynunun borcudur!

Bayaramın... MÜBARƏKDİR, ŞƏHİD övladı!

Vüsalə Balayeva, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin