Ehtiyatsızlıq, yoxsa MƏSULİYYƏTSİZLİK - Mənzillərdə yanğın halları niyə artıb?

Hazırda oxunan: Ehtiyatsızlıq, yoxsa MƏSULİYYƏTSİZLİK - Mənzillərdə yanğın halları niyə artıb?

231232

Son zamanlar tez-tez yanğın hadisələrinin baş verdiyi müşahidə olunur. Ötən ilə dair statistik məlumatlara nəzər salsaq, 2024-cü ildə ölkə ərazisində 13545 yanğın  hadisəsi baş verib. Mütəxəssislər bildirir ki, yanğın hadisələrinin əsas səbəbləri ehtiyatsızlıq və nəzarətsizlikdir.

Ümumiyyətlə, yanğınların baş verməməsi üçün nə etmək lazımdır? Bu təhlükə ilə üzləşdikdə ilk atacağımız addım nə olmalıdır?

Bu suallara cavab tapmaq üçün FHN-ə müraciət etdik.

Nazirliyin əməkdaşı Vüsalə Zahirova bildirir ki, araşdırmalar yaşayış sektorundakı yanğınların, yanğın hadisələrinin böyük bir qismini təşkil etdiyini göstərir:
 

MÖVZU İLƏ BAĞLI:

Yaşayış binalarında yanğın halları ARTIR – Səbəb vətəndaş məsuliyyətsizliyidir, yoxsa...


“Bu yanğınların əsas səbəbi  elektrik və qaz təsərrüfatındakı nasazlıqlar, standartlara uyğun olmayan cihazlardan istifadə, habelə yol verilən ehtiyatsızlıq və nəzarətsizlik hallarıdır. Yanğın hadisələrinin baş verməməsi üçün əhalini diqqətli olmağa, yanğına səbəb ola biləcək hallar gördükdə onları dərhal aradan qaldırmağa çağırırıq. Elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı, elektrik və qaz şəbəkələrinin quraşdırılması, onlarda aparılan dəyişiklik və təmir işləri yalnız mütəxəssislərə həvalə edilməlidir. İşlək vəziyyətdə olan elektrik və qaz cihazları nəzarətsiz qalmamalı, onlardan istifadə uşaqlara həvalə edilməməli, mənzili tərk edərkən bu kimi cihazlar işlək vəziyyətdə qoyulmamalı, habelə yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir.”

Bəs yanğın hadisəsi baş verəndə ilk olaraq nə etməliyik?

Müsahibimiz bildirir ki, yanğın halı aşkar edildikdə ilk növbədə “112” qaynar telefon xəttinə məlumat vermək lazımdır:

“Bundan sonra öz həyatımızı təhlükəyə atmadan əl altında olan ilkin yanğın söndürmə vasitələri ilə yanğını söndürməyə çalışmaq, elektrik və qaz şəbəkəsini söndürmək lazımdır. Yanğın olan məkan tərk edilməli, bu mümkün olmadıqda isə pəncərəyə yaxın yerdə durub yanğınsöndürənləri gözləmək şərtdir. Tüstüdən zəhərlənməmək üçün ağız və burnu nəm parça materialı ilə tutaraq nəfəs almaq və döşəməyə yaxın ərazidə əyilərək və sürünərək hərəkət etmək lazımdır.”

Yanğın hadisələrinin baş vermə səbəblərindən bəhs edən müsahibimiz onu da diqqətə çatdırdı ki, heç nə anidən baş vermir:

“Əsas səbəb diqqətsizlik və ehtiyatsızlıqdır. FHN yanğınlar və digər fövqəladə hallarla bağlı davranış qaydaları haqqında maarifləndirmək üçün mütəmadi tədbirlər həyata keçirir. Həmçinin insanlardan da məsuliyyətli olmaq və təhlükəsizlik qaydalarına laqeyd yanaşmamaq tələb olunur. Gəlin ehtiyatsızlığımızın qurbanı olmayaq”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin