İnsanların bir çoxu nəyin hesabına olursa olsun bütün diqqəti öz üzərinə toplamaq istəyir. Bəziləri bunu özünün bacarığı, savadı, müsbət keyfiyyətləri və davranışı ilə əldə edir, bəziləri isə görünüşü, danışıq tərzi və digər xüsusiyyətləri ilə. Bir sözlə, mənfi və ya müsbət, xoş və xoş olmayan davranışlarla yadda qalmaq, hər kəsin ondan danışmasını istəyənlər çoxdur.
Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib ki, fərqlənmə və hər kəsin diqqət mərkəzində olmaq istəyi isteroid şəxsiyyət tipinə aiddir:
“Bunlar isterik insandırlar, istər konflikt, istərsə də pozitif cəhətdən diqqət mərkəzində olmağı sevir və hər kəsdən fərqli davranış göstərmək istəyirlər. Demək olar ki, səhnə insanlarıdırlar. Bəzi hallarda patoloji hal baş verdikdə neqativ, konfliktli diqqət mərkəzində olmaq da bu insanlara xas xüsusiyyətdir. Bu insanlar diqqət mərkəzində olmaq üçün fərqli, açıq rənglərdən istifadə edirlər, daha çox geyimlərində çox diqqət cəlb edən parıltılı aksesuarlara üstünlük verirlər. Ətraf aləmdən seçilmək üçün yüksək səslə danışırlar. Belə insanlar daha çox səhnədə uğur qazanırlar, gözlə görünə biləcək hər bir detal onlar üçün vacibdir deyə, diqqət mərkəzində olmaq, fərqli yadda qalmaq üçün maksimum diqqət cəlb edəcək görüntü, hərəkət və davranışları insanların yaddaşında saxlamağa nail olurlar”.
O, buna uşaqkən diqqət mərkəzindən kənar qalan insanlarda daha çox rast gəlindiyini bildirib:
“Bu, insanın xarakterindən və ailə tərbiyəsindən asılıdır. Evdə az diqqət görmüş isterik xarakterli uşaqlar sonradan daha çox diqqət cəlb etmək üçün istər mənfi, istərsə də müsbət yöndə özünü göstərirlər.
İsterik xarakter heç də neqativ xarakter deyil, sadəcə, onlar ətrafdan diqqət əskikliyi yaşamamaq üçün bir növ geyim və davranışlarından istifadə etməyə çalışırlar. İsterik xarakterdirsə, yaşadıqları ailədə diqqətsiz qalıblarsa, nə olursa olsun diqqət mərkəzində olmaq üçün nə desəniz edərlər”.
Psixoloq hesab edir ki, estetik əməliyyatlara müraciət edən insanlar da əsasən, diqqət mərkəzində olmaq istəyənlərdir.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 23.01.2025
Hər zaman diqqət mərkəzində olmaq ARZUSU – Bu istək nə ilə bağlıdır?
Hazırda oxunan: Hər zaman diqqət mərkəzində olmaq ARZUSU – Bu istək nə ilə bağlıdır?
Hazırda oxunan: Hər zaman diqqət mərkəzində olmaq ARZUSU – Bu istək nə ilə bağlıdır?
231230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.