Mama-ginekoloji yardım sistemində qadın məsləhətxanaları aparıcı yer tutur.
MÖVZU İLƏ BAĞLI:
Pula görə başqasının uşağını bətnində DAŞIMAQ – Azərbaycanda surroqat analıq QADAĞANDIR?
Sözügedən müəssisələr dispanser tipli müalicə-profilaktika müəssisələri hesab olunur və burada qadınların həyatının bütün dövrlərində ambulator-poliklinika müşahidəsi aparılır.
Bəs ölkə üzrə ginekoloji kabinetin sayı nə qədərdir? Onlara müraciət hansı səviyyədədir? Ümumiyyətlə qadın məsləhətxanalarına ehtiyac varmı?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə ginekoloji kabinetin sayı 2000-ci ildə 300, 2018-ci ildə 130, 2024-cü ildə 106 təşkil edib.
Bəs Bakıda nə qədər qadın məsləhətxanası fəaliyyət göstərir?
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 26 ginekoloji kabinet fəaliyyət göstərir ki, onlardan 7-si qadın məsləhətxanasıdır:
“Fəaliyyət göstərdiyimiz dönəmdə qadın məsləhətxanalarının və ginekoloji kabinetlərin azaldılması prosesi icra olunmayıb, əksinə xidmətin təkmilləşdirilməsi və optimallaşdırılması həyata keçirilib. Onu da qeyd edək ki, bu yaxınlarda fəaliyyətə başlayan Hövsan Ailə Sağlamlıq Mərkəzinin tabeliyində Qadın məsləhətxanası də istifadəyə verilib. Mama-ginekoloji yardımın yaxşılaşdırılması üçün tərəfimizdən laborator-diaqnostik xidmətlər təkmilləşdirilib, endokrinoloji, immunoloji, biokimyəvi laboratoriyaların, fuksional diaqnostika kabinetlərinin yaradılması, o cümlədən USM, terapevt, mama-ginekologiya xidmətləri təmin edilib”.
Hazırda TƏBİB tərəfindən hamiləliyin onlayn izlənilməsi modulu hazırlanır. Modul hamilə qadınların uçotunun aparılmasına və hamiləlik prosesinin izlənilməsinə imkan yaradacaq.
Aygün Hüseyn, Bizim.Media