20 Yanvar faciəsinin 35 ili tamam olur. Ölkənin bütün bölgələrində olduğu kimi Ağdamda da faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Həmin günün xatirəsini öz yaddaşın ən ağır və qürurlu günlərindən bir kimi saxlayan, ehtiyatda olan zabit - Qarabağ müharibəsi əlili Şamil Əbilov xatirələrini Bizim.Media-nın yerli bürosu ilə paylaşıb:
MÖVZU İLƏ BAĞLI:
20 Yanvar faciəsindən 35 il ötür
"Bu gün Azərbaycan xalqının hüzn günüdür. 20 yanvar hadisəsi Azərbaycanın ən böyük faciələrindən biri olub.
Həmin günün şahidiyəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və ondan əvvəlki günlərdə biz Azadlıq meydanına toplaşaraq çadırlarda qalırdıq. Orada insanlar öz müstəqilliyini tələb edirdi. Faciə gecesi silahlı rus əsgərləri zirehli döyüş texnikaları ilə şəhərdə dinc əhaliyə qarşı amansızlıq göstərdi. İnsanları gülləbaran edib qətliam törətdilər. Silahlardan açılan atəş güllə pərdəsi yaratmışdı.
Yayınmaq olmurdu. Biz çətinliklə İnşaat institutu binasının zirzəmisinə sığındıq. Buna baxmayaraq xalqımız öz müstəqilliyi uğrunda apardığı mübarizəni dayandırmadı. Yeganə xalqıq ki, öz müstəqilliyimizi gül-çiçəklə yox, qanla qazanmışıq. Ona görə də bu xalqın övladı olduğum üçün fəxr edirəm.
Həmçinin onu da demək istəyirəm ki, bu gün bizim üçün həm də qürurlu tarixdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi hər zaman qüdrətli və uca eləsin!"
Qeyd edək ki, anım mərasimi ilə əlaqədar olaraq yüzlərlə Ağdam sakini rayonun girişində yerləşən şəhidlər abidə kompleksinin onuna toplaşaraq abidə önünə gül dəstələri qoyublar.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu