Bu gün Azərbaycan tarixinə qəhrəmanlıq və mübarizlik nümunəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrinin 35-ci ildönümü Gəncədə anılıb. Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə Gəncə xəbər verir ki, Şəhidlər xiyabanında keçirilən anım mərasimində böyük izdiham müşahidə olunub. Uşaqdan böyüyə hər kəs şəhidlərin xatirəsini yad etmək üçün xiyabana toplaşıb.
Tədbir abidə kompleksi önündə şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Şəhidlərin ruhuna dualar oxunandan sonra başlayan matəm mitinqində 35 il əvvəl Sovet qoşunlarının o zamankı rəhbərliyinin Bakıda insanlıq əleyhinə icra etdiyi tapşırıqları, həyata keçirdikləri qətliamlar pislənilib.
20 Yanvarın Azərbaycan tarixində yalnız bir hüzn günü deyil, həm də qəhrəmanlıq səlnaməsində iz qoyan tarixi gün kimi qiymətləndirilib.
Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə edilib. Abidə mərasim iştirakçıları tərəfindən tərəfindən də ziyarət olunub.
Saat 12:00 da 20 Yanvar faciəsinin 35-cü ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində olduğu kimi Gəncənin şəhidlər xiyabanın da da dəqiqəlik sükut olub və şəhidlər yad edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu