2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 42 milyard 813,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 24 milyard 42,0 milyon dollar, idxalın dəyəri 18 milyard 771,7 milyon dollar təşkil edib, nəticədə 5 milyard 270,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1 faiz, o cümlədən ixrac 5,4 faiz azalıb, idxal isə 0,6 faiz artıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 87,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Avstraliya, Çexiya, Hindistan, Xorvatiya, İsrail, Gürcüstan, Bolqarıstan, Portuqaliya, Birləşmiş Krallıq, İran, Yunanıstan, Rumıniya, Belarus, İsveçrə, Qazaxıstan və Ukrayna ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin, 17,6 faizi Rusiyanın, 11,2 faizi Türkiyənin, 7,3 faizi ABŞ-ın, 6,4 faizi Avstraliyanın, 4 faizi Almaniyanın, 3 faizi İranın, 2,5 faizi İtaliyanın, 2,2 faizi Belarusun, 2 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, 1,6 faizi Qazaxıstanın, 1,5 faizi Türkmənistanın, 1,4 faizi Ukraynanın, 1,3 faizi Birləşmiş Krallığın, 1,2 faizi İsveçrənin, hər biri 1,1 faiz olmaqla Fransa və Hindistanın, 1 faizi Özbəkistanın, hər biri 0,9 faiz olmaqla Braziliya və Kanadanın, 11,9 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatların, nəqliyyat vasitələrinin, mineral məhsulların, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında ölkəyə 74 min 366 ədəd minik avtomobili, 7650 ədəd yük avtomobili, 378 ədəd avtobus idxal olunub. İdxal olunan malların 51,5 faizini avtomobil, 23,6 faizini hava, 12,6 faizini dəniz, 11,8 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 40,4 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 4 faizini Çexiyaya, 3,6 faizini Xorvatiyaya, hər biri 3 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faizini Almaniyaya, 2,6 faizini Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Bolqarıstan və Gürcüstana, 2,1 faizini Yunanıstana, 1,7 faizini Rumıniyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 1 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla İndoneziya, Serbiya, İspaniya və Ukraynaya, 5,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Bu müddətdə qeyri neft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 1,9 faiz artıb, real ifadədə isə 11 faiz azalıb.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,2 faiz), İsveçrəyə (6,3 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,4 faiz), Türkmənistana (2,4 faiz), Omana (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,1 faiz ) göndərilmiş malların payı üstünlük təşkil edib.
İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.
Ötən ilin yanvar-noyabr aylarında ixracın 86,5 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 8,5 faizini avtomobil, 3,3 faizini dəmir yolu, 1,3 faizini hava, 0,4 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Bizim.Media