Azərbaycanda qadın "Kurtlar vadisi"nə görə boşanmaq istəyir. Adını gizlədən qadın sosial şəbəkələrdə paylaşımda yazıb ki, boşanmaq istəməsinə səbəb həyat yoldaşının illərdir eyni seriala baxmasıdır:
MÖVZU İLƏ BAĞLI:
Boşanma və aliment məsələləri ilə bağlı QAYDALAR DƏYİŞDİ
"Bəlkə də ciddi qəbul etməyənlər ola bilər. 18 ildir ailə qurmuşuq. İlk illərdən başlayaraq yoldaşım "Kurtlar Vadisi Pusu"ya baxır. 18 il keçməsinə baxmayaraq yenə də o, kinoya baxmaqda davam edir. Dəfələrlə mübahisə etmişik. Deyirəm, bəsdir, səsi beynimə düşür, amma əhəmiyyət vermir. Mənə psixoloji təsir edir. Artıq məhkəməyə vermək istəyirəm. Nə məsləhət görmək istəyirsiniz? Xahiş edirəm məni qınamayın. Onun musiqisi səslənəndə dəli oluram", - deyə qadın yazıb.
Təbii ki, qadının fikirləri birmənalı qarşılanmayıb. Amma narahtlıq doğuran məqam odur ki, qadınlar ən xırda məişət probleminin çözümünü boşanmaqda görür.
Buna səbəb nədir?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev deyib ki, uzun illər ənənəvi-patrixal cəmiyyətdə yaşamışıq:
“Belə cəmiyyətdə el qınağı, ictimai nəzarət güclü olur. Bu cür cəmiyyətlərdə ailə davranışlarını daha çox ictimai fikir formalaşdırır. Lakin son illərdə qlobal dünyaya başlanan inteqrasiya bu yanaşmaları gündəlikdən çıxartdı. İtən dəyərlərdən biri də o oldu ki, əgər əvvəllər boşanmaya hamı ailə dramı, ailə faciəsi kimi baxırdısa, hazırda buna tolerant yanaşma var. Bu gün insanlar boşanmaya çox loyal yanaşırlar.
Digər tərəfdən, əvvəlki dönəmdə qadınlar ictimai fəal deyildilər. Əksər qadınlar evdar idi. Amma qadınlar fəal iqtisadi kütləyə çevrildikdən və onların kişilərdən iqtisadi asılılığı azaldıqdan sonra qadınlarda belə bir fikir formalaşdı ki, madam onlar özləri ayaqda dayana bilirlər, nəyə görə partixal təfəkkürlü, konservativ kişiyə dözməlidirlər?! Beləcə qadınlar köhnə qayda ilə yaşamaq istəmədilər.
Bu məsələdə aqressiv feminist dalğanın və gender bərabərliyi ideyasının da güclü təsiri oldu.
Bu layihələr Qərbdə “uğurla” sınaqdan keçdiyindən, onların Şərq cəmiyyətində də tətbiqinə başlanıldı. Unutmayaq ki, ənənəvi cəmiyyəti sarsıtmaq üçün geosiyasi güclər bu cür layihələrdən lazımınca bəhrələnirlər.
Beləliklə, qadınların hüquq və azadlıqlarının qabardılması fonunda təbii ki, onlar əvvəlki kimi kişiləri eşitmədilər. Özlərini daha eqoist və müstəqil aparmağa başladılar. Bu gün qadınların çoxu belə hesab edir ki, “iqtisadi sərbəstliyim varsa, niyə kimdənsə asılı yaşamalıyam?”
Amma elmi araşdırmalar göstərib ki, pulla və xoşbəxtlik arasındakı əlaqə yoxdur.
Araşdırmanı İngiltərənin Durham Universiteti aparıb. 10 il davam edən araşdırma zamanı İsveçdə orta yaşları 37 olan evli cütlüklərin gəlirləri və psixi sağlamlıqlarına baxılıb.
Nəticədə məlum olub ki, həyat yoldaşlarından az qazanan kişilərdə psixi sağlamlıq problemlərinin tezliyi artıb. Eyni vəziyyət ərlərindən daha çox pul qazanan qadınlarda da müşahidə olunub. Qadın ərindən daha çox qazanmağa başlayanda ona psixi sağlamlıq diaqnozu qoyulma ehtimalı 8%, kişilərdə isə 11% artıb. Statistikaya görə, ABŞ və İsveçdə arvadın ərindən çox qazandığı cütlüklərin sayı 25% artıb.
Göründüyü kimi iqtisadi cəhətdən müstəqil qadınlar heç də xoşbəxt deyillər.
Sosioloq Üzeyir Şəfiyevin fikrincə, əvvəllər boşanmaya təşəbbüs yalnız kişi tərəfdən olurdusa, artıq bu təşəbbüs qadınlara keçib:
“Bu gün bəzi qadınları hətta kişinin hansısa hobbisinə, seçiminə belə dözməyərək boşanma yolunu tutur. Ən pisi də odur ki, qadınlar bu tip halları özlərinin hüquqlarının pozulması kimi qəbul edirlər.
Bu məsələdə sosial şəbəkələr və seriallar da az rol oynamır. Çünki bütün seriallarda ailə dəyərləri, uşaqların gələcəyi yox, qadının sərbəstliyi təbliğ olunur. Guya ki, müstəqil qadın daha xoşbəxtdir.
Əslində isə belə vəziyyətdə hər kəs uduzan tərəfdir. Ən böyük zərbə isə təbii ki, ailə institutuna, uşaqlara dəyir. Araşdırmalar göstərir ki, boşanmış ailələrdə böyüyən uşaqların cəmiyyətə inteqrasiyasında ciddi problemlər var. Ən əsası belə ailələrdə uşaqlar natamamlıq kompleksi ilə böyüyürlər. Nəticədə, cəmiyyətə kin püskürən bir nəsil formalaşır.
Nəticədə yaxın gələcək də boşanmaların statistikasında dinamika gözlənilir. Ənənəvi ailə modeli deqradasiyaya uğradıqca aqressiyalar çoxlacaq”.
Surxay Atakişiyev, Bizim.Media