Rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə qurumların, habelə fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin və toplanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin etmək məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemi və ya “Milli Məkan” adlı coğrafi informasiya sistemi layihəsinin icrasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasısının saytında məlumat dərc olunub.
“Ölkənin aparıcı İT şirkətləri olan “Caspel”, “Cyberpoint” və “R.I.S.K. Company” tərəfindən birgə həyata keçirilən layihə məkan məlumatlarının idarə olunması üçün müasir platformanın yaradılmasına yönəlib.
Layihənin əsasını Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli 448 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları" və Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təşkil edir.
Layihənin icra olunmasında Avropa məkan məlumatları təşəbbüsü olan “INSPIRE” və ABŞ-nin milli məkan məlumatları infrastrukturu olan “NSDI” kimi qabaqcıl dünya təcrübələri, həmçinin “Leonardo” kimi beynəlxalq şirkətlərin təcrübəsi, eləcə də bir neçə ölkədə həyata keçirilən oxşar layihələr nəzərə alınır.
Coğrafi məlumatlar, xəritələr, torpaq istifadəsi haqqında məlumatlar, təbii resurslar və infrastruktur kimi məlumatlara çıxışı təmin edəcək sistem coğrafi məlumatlar əsasında süni intellektdən istifadə etməklə böyük verilənlərin effektiv idarə olunması vasitəsilə ölkənin dayanıqlı inkişafına təkan verməyi hədəfləyir.
Sistemin tətbiq olunması dövlət qurumlarının fəaliyyətində şəffaflığın və effektivliyin artırılmasına geniş imkanlar açacaq və bu, öz növbəsində, dövlət idarəçiliyində daha əsaslandırılmış qərarların qəbul edilməsinə töhfə verəcək.
Əlavə olaraq, milli coğrafi informasiya sistemi biznesi dəstəkləmək üçün mühüm alətə çevriləcək və dəqiq məlumatları təqdim etməklə logistika, tikinti və kənd təsərrüfatı kimi sahələrdə də istifadə oluna biləcək.
Akademik ictimaiyyətin də çıxış əldə edəcəyi platforma şəhərsalma, iqlim dəyişikliyi və təbii resurslardan səmərəli istifadə sahəsində tədqiqatların aparılması üçün baza rolunu oynayacaq.
“Milli Məkan Məlumatları” informasiya sistemi Azərbaycan Respublikasının rəqəmsal infrastrukturunu gücləndirəcək, məkan məlumatlarının idarə olunması üzrə qlobal təşəbbüslərə inteqrasiyanı təmin edəcək və ölkənin dayanıqlı inkişafına təkan verəcəkdir”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media