Qaxda vətəndaşın 25 baş mal-qarasını ələ keçirən dələduz ifşa olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini Qax Rayon Polis Şöbəsinə müraciət edərək ona qarşı dələduzluq edildiyini, satdığı mal-qaraya görə pulunu ala bilmədiyini iddia edib.
Rayon polis şöbəsində müvafiq araşdırma aparılandan sonra vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən 36 yaşlı rayon sakin İsmayıl Süleymanov saxlanılıb. Aparılan ilkin araşdırmalarla məlum olub ki, İsmayıl Süleymanov zərərçəkənin etibarından sui-istifadə edərək həmin şəxsə məxsus 25 baş iribuynuzlu heyvanı ələ keçirib. Mal-qaranın pulunu ödəyəcəyi vədini versə də, bunu etməyib. Baş verən məsələ ətrafında aparılan araşdırmalarla İ. Süleymanovun dələduzluq əməlləri üzə çıxıb.
Belə ki, İsmayıl Süleymanovun vətəndaşa 26 min manat maddi ziyan vurduğu bəlli olub. Baş verən dələduzluq hadisəsi ilə əlaqədar rayon polis şöbəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu