Mars planeti Bakıdan adi gözlə GÖRÜNƏCƏK – BU TARİXDƏ

Hazırda oxunan: Mars planeti Bakıdan adi gözlə GÖRÜNƏCƏK – BU TARİXDƏ

229376

Mars planeti yanvarın 16-da adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq. 

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda bildirilib. 

Qeyd edilib ki, Mars həmin vaxt qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir.

Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir: 

"Qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq. 

Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq". 
 

Vurğulanıb ki, Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq. 


Qeyd edək ki, Marsın son dövrlərdə bir neçə böyük qarşıdurması hadisəsi baş verib. 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub. Bu, son 60000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1" olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi. 

2018-ci il 27 iyulda Mars cəmi 57.6 milyon kilometr məsafədə olub. 

Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin