İcbari sığorta üzrə zərərçəkənlərə ödənilən məbləğin artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İcbari sığorta üzrə zərərçəkənlərə ödənilən məbləğin artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

229257

İcbari sığortanın bir sıra üstünlükləri və özəllikləri olsa da müəyyən məqamlarda bəzi sığortaçılar narazı qalır. Məsələn qəza zamanı avtomobil sahiblərinə dəymiş zərərə görə ən yaxşı halda beş min manat ödənilir. Bu məbləğ isə zəncirvari qəzalar baş verdiyi təqdirdə sadəcə simvolik rəqəmə çevrilir.
 

MÖVZU İLƏ BAĞLI:

İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində YENİLİKLƏR olacaq


Bəs bu məbləğ artırıla bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə qeyri-həyat sığorta şirkətləri tərəfindən tətbiq olunan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” – qısaca desək, avto-icbari sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Hazırda haqqında danışdığımız avto-icbari sığorta növü üzrə baş vermiş hər sığorta hadisəsi üzrə təyin olunmuş təminat məbləği əmlaka dəyən zərər üzrə 5000 manat, qəza iştirakçılarının səhhətinə dəyən zərər üzrə isə 50 min manat olmaqla (1 nəfərə 5000 manat), ümumilikdə 55 min manat təşkil edir.

 

Avto-icbari sığorta növü üzrə sığorta haqları isə artıq 2022-ci ilin 1 oktyabr tarixindən etibarən tətbiq edilən risk əmsalları əsasında hesablanır. Belə ki, müvafiq tarixdən etibarən, avto-icbari sığortada 50 manat həcmində olan baza sığorta haqqı sabit qalmaqla avtonəqliyyat vasitəsi sahibinin yaşına, sürücülük təcrübəsinə, habelə avtonəqliyyat vasitəsinin qeydiyyatda olduğu şəhərə və həmin avtonəqliyyat vasitəsinə dair sürücülük hüququna malik şəxslərin sayına, o cümlədən sürücünün qəza tarixçəsinə və avtonəqliyyatın mühərrik həcminə görə hesablanır. Bu yeniliyin tətbiq olunmasında başlıca məqsəd avtonəqliyyat vasitəsi sahiblərinə münasibətdə sığorta haqlarının hesablanmasında ədalətli yanaşmanın təmin olunmasıdır.


“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə hadisələrin tənzimlənməsi isə artıq 1 noyabr 2022-ci il tarixdən etibarən Zərərlərin Birbaşa Tənzimlənməsi mexanizmi ilə həyata keçirilir. Bu mexanizm sayəsində avto-qəza zamanı zərər çəkən avtonəqliyyat vasitəsinin sahibi artıq zərər vuran tərəfin sığortaçısına yox, birbaşa öz sığortaçısına müraciət edərək hadisəsinin daha operativ şəkildə tənzimlənməsinə nail olur.

Lakin avto-qəza zamanı xəsarət halı, dövlət əmlakına zərər faktı qeydə alınarsa və ya avto-qəza zəncirvari halda baş vermiş olarsa, bu zaman hadisələr 1 noyabr 2022-ci ildən əvvəlki qayda ilə, yəni hər bir zərər çəkən qarşı tərəfin, yənin zərər vuran avtonəqliyyat vasitəsinin sığortaçısına müraciət edərək hadisəsinin tənzimlənməsinə nail olur”.

Bəs, zəncirvari qəzada zərərçəkənlərə sığorta ödənişi necə aparılır?

Suala cavab olara ASA-dan bildirilib ki, zəncirvari qəza zamanı ümumi zərər məbləği hesablanır və zərər dəymiş avtonəqliyyat vasitələrinin sahibləri arasında mütənasib qaydada bölünür:

“Yuxarıda qeyd olunan təminat məbləğlərinin həcmindən narazılıq hallarını nəzərə alaraq, Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq avtonəqliyyat vasitəsi sahiblərinə tövsiyə olaraq bildirmək istəyirik ki, avtonəqliyyat vasitəsi sahibləri sığorta təminatını genişləndirmək üçün könüllü avtomobil sığortasından da faydalana bilərlər. Bu zaman onlar qəza nəticəsində yaranmış zərəri daha geniş təminatla əhatələyə bilərlər”.


Assosiasiyadan o da bildirilib ki,  avto-icbari sığortada cari təminat məbləğlərinin həcminin artırılması Azərbaycan sığorta sektorunun da gündəmindədir:

“Daim bu məsələ nəzarətdə saxlanılır. Hazırda bu istiqamətdə dünya təcrübəsi geniş şəkildə araşdırılır. Hesab edirik ki, müəyyən müddət ərzində təminat məbləğlərinin dəyişdirilməsinə baxıla bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin