Yaşlı qadınlar daha çox əkiz uşaq dünyaya gətirir? – Ginekoloqdan AÇIQLAMA

Hazırda oxunan: Yaşlı qadınlar daha çox əkiz uşaq dünyaya gətirir? – Ginekoloqdan AÇIQLAMA

229048

Qadın aylarla bətnində uşaq bəsləyib və onu dünyaya gətirə bildiyi üçün bioloji üstünlüyə malikdir. Əsasən bir uşaq dünyaya gətirən qadınlar əkiz uşaqlara da həyat verə bilirlər. Ona görə də əkiz uşaqların doğulması qədimdə möcüzə kimi dəyərləndirilib. Bu gün dünya üzrə doğulan uşaqların 3 faizi əkizdir.
 

Azərbaycanda da əkiz, hətta üçəm, dördəm uşaqlar dünyaya gəlir və əvvəlki illlərə nisbətən ölkədə əkiz və üçəm, dördəmlərin sayı artıb. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınıb. Körpələrdən 2514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəm doğulub. Bunun bir çox səbəbi var.


Son tədqiqatlara görə, 35 yaşdan yuxarı qadınların əkiz uşaq dünyaya gətirmə ehtimalı daha yüksəkdir. Çünki araşdırmaya görə, bu yaşda yumurtalıqlardan bir neçə yumurtanın eyni vaxtda sərbəst buraxılma ehtimalının artmasıdır.

Bəs əkiz uşaqlar dünyaya gətirmək üçün ideal yaş iddiası doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ginekoloq Təranə Əzizova hesab edir ki, əksinə 35 və yuxarı qadınların hamiləliyi riskli hamiləlikdir:

“Belə yaş həddi yoxdur, 18 yaşda da, 35 yaşda da qadın əkiz uşaqlara hamilə qala bilər.

Əslində, 35 yaşdan sonra qadınların hamiləliyi risklidir. Bu yaşdan sonra irsi xəstəliklərin uşağa keçməsi ehtimalı daha çoxdur. Əkiz hamiləlik onsuz da qadın üçün ağır keçən və riskli hamiləlikdir. Xüsusilə də, yaşı çox olan qadınlarda bu, daha risklidir”.

Həkim dünyada əkiz, üçəm, dördəmlərin artmasının səbəbini süni mayalanma ilə əlaqələndirib:

“Həkimlər bir neçə dölü mayalandırır ki, əgər o döllərdən hansısa inkişafdan qalsa, heç olmasa, ikisi-üçü inkişaf etsin. Elə olur ki, hamısı da inkişaf edə bilir. Təbii hamiləlik süni mayalanmadan fərqlənir, təbii hamiləlikdə çox vaxt əkizlər bir yumurta əkizi olurlar. Bir yumurta parçalanır və iki dənə döl əmələ gəlir. Onlar da eyni yumurtalı əkizlər hesab olunurlar. Amma süni mayalanmadan doğulanlar əkiz olmurlar, bacı-qardaşlar hesab olunurlar. Çünki ayrı-ayrı yumurtalardan əmələ gələn uşaqlardırlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin