Quba Rayon Mərkəzi Xəstəxanası ötən gün rayonda 3 nəfərin it dişləməsi faktına münasibət bildirib.
Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:
"07.01.2025-cü il tarixində müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü şəxsə (qadın cinsli) burunun kəsilmiş cırılmış açıq yarası, sağ saidin didilmiş sıyrılmış yarası, 1959-cu il təvəllüdlü şəxsə (qadın cinsli) isə sağ əlin 3 və 4 cü barmaqlarının kəsilmiş cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub."
Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin günü Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.
1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, ötən gün Qubada sahibsiz itlər 3 nəfərə hücum edib. Hadisə Quba rayonunun Qəçreş kəndi ərazisində baş verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu