Salyan rayonunda baş vermiş dəhşətli qətl hadisəsi cəmiyyətdə geniş rezonans doğurub. Hadisə rayonun Yeni Uluxanlı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Mətanət Hüseynova ərini xüsusi amansızlıqla qətlə yetirib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Mətanət Hüseynovanın atası tanınmış cərrah Fədail Salmanovdur. Üstəlik, ailəsinin Mətanətin həyat yoldaşı ilə evlənməsinə qarşı olduğu iddia edilir. Lakin cütlük buna baxmayaraq ailə qurub və Yeni Uluxanlı kəndində məskunlaşıb.
MÖVZU İLƏ BAĞLI:
Salyanda ərinin meyitini parçalayıb kanala atan qadın SAXLANILDI – TƏFƏRRÜAT
Ailənin 3 övladı olduğu və burada qoyunçuluqla məşğul olduqları qeyd edilir.
Onlar əslən Salyan rayonunun Yenikənd kəndindən olub.
Xatırladaq ki, ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən olunub.
Qətlə yetirilən şəxsin həyat yoldaşı Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Sabutay, Bizim.Media, Cənub bürosu