Havaların soyuması, qış fəslinin gəlməsi ilə mavi yanacağı olmayan kənd və qəsəbə sakinlərinin də qayğısı birə-beş artır desək, yanılmarıq.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələnin ucqar Ziring kənd sakinləri də havaların soyumasından sonra mavi yanacaq sarıdan əziyyət çəkir.
MÖVZU İLƏ BAĞLI:
Şimal-qərb bölgəsinin QAZ HƏSRƏTİ - 100-dən çox kəndin mavi yanacaq problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO
Sakinlər şikayətçidir...
Üç övladı, yeddi nəvəsi olan kənd sakini Xalif Abdullayev payızın ilk günlərindən havaların soyuduğunu bildirir. Bu səbəbdən o, istilik üçün həyətdəki fındıq budaqlarını kəsdiyini deyir.
Xalif Abdullayev qeyd edib ki, artıq qış fəsli girib və gecələr hava kəskin soyuyur. Bu səbəbdən evdə soba yanmalı yaxud yemək hazırlanması, çay qaynadılması üçün odun-ocaq olmalıdır ki, ailə ehtiyatını görə bilsin:
“İnsana ocaq ilboyu lazımdır. Bizim kimi ailəyə də 600 manat lazımdır ki, odun gətirək. Məcburiyyət qarşısında qalıb həyətimdəki fındıq ağaclarını kəsirəm. Fındıq da bütün dünya bazarlarına çıxan məhsuldur və özü də qızıl qiymətinə gedir. Mən ailəmin çörəyindən kəsib, odun alıram”.
İllər əvvəl kənd bələdiyyəsinin sədri işləmiş İlqar Qasımov mavi yanacağın bərpası istiqamətində çalşdıqlarını lakin bir nəticə hasil olmadığını deyir.
Vaxtilə kənd icra nümayəndəsi işləmiş Şahin Mehdiyev də ümidlidir ki, tezliklə maliyyə vəsaiti ayırılacaq və onlar mənzillərini daha rahat və təhlükəsiz qızdıra biləcəklər.
Kənd icra nümayəndəsi Abdulla Kərimovdan öyrənirik ki, Ziringdə 1600-dən çox sakin yaşayır. Hazırda kəndin elektrik xətlərinin yeniləndiyini, internetlə təmin olunduğunu bildirən Abdulla Kərimov əlavə edir ki, rayon rəhbərliyi ucqar yaşayış məntəqələrinin sosial məsələlərini daim diqqətdə saxlayır. Digər yaşayış məntəqələri kimi Ziring kənd sakinlərinin də mavi yanacaqla bağlı qayğıları müvafiq təşkilat qarşısında qaldırıb.
Problem nə zaman həllini tapacaq?
Məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi ilə də əlaqə saxladıq. Qurumundan sorğumuza cavab olaraq bildirildi ki, indiyə kimi rayonun 37 yaşayış məntəqəsi mavi yanacaqla təmin olunub:
“Ziring kəndində 250 abonent qeydiyyatdadır. Kəndin mavi yanacaqla təmin olunması “Regionların sosial iqtisadi inkişafına dair Dövlər Proqramı”na uyğun olaraq həyata keçiriləcək. Belə ki, maliyyə vəsaiti ayrılmasından asılı olaraq işin mərhələli şəkildə icrası təmin olunacaq”.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu