Deputatdan TƏNQİD - “Yaydığı informasiyadan küləyin cənubdan, şimaldan, ya qərbdən gəldiyi anlaşılır”

Hazırda oxunan: Deputatdan TƏNQİD - “Yaydığı informasiyadan küləyin cənubdan, şimaldan, ya qərbdən gəldiyi anlaşılır”

22879

“Hazırda ölkəmizin ən ciddi problemlərindən biri informasiya təhlükəsizliyi ilə bağlıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında qeyd edib. O, qeyd edib ki, gərək savaş dövrünə arxayınlaşmayaq:

“O dövrdə də ölkə prezidenti bir çox hallarda təkbaşına bütün informasiya blokadasını yarmaq, düşmənin bu sahədə dezinformasiyalarını alt-üst etmək işini öz üzərinə götürdü və fədakarcasına beynəlxalq şəbəkənin bütün təxribatlarını önlədi. Təbii ki, bu prosesdə təbliğat işini öz üzərinə götürən elektron media quruluşlarının, televiziya və radioların, ayrı-ayrı vətənsevər jurnalistlərin, blogerlərin fədakarlığını qeyd etmək vacibdir. Bununla yanaşı bu sahədə bir sistem fəaliyyətinin davamlı mövcudluğundan danışmaq xeyli çətindir. Xüsusilə də sosial şəbəkədə düşmən təxribatının önlənməsi üçün, xaricdən maliyyələşən, idarə olunan, onların ideoloji təsirləri altında olan saytlar və subyektlərlə bağlı görülən tədbirlər demək olar ki, yox səviyyəsindədir. Halbuki bu işlə bağlı xeyli pul silən qurum və quruluşlar mövcuddur”. 

Deputatın sözlərinə görə müəyyən media quruluşları var ki, yaydığı informasiyadan küləyin cənubdan, şimaldan, yaxud da qərbdən gəldiyi anlaşılır:

“Bir çox hallarda ölkənin ali rəhbərliyi barədə özlərini sığortalamaq üçün normal fikirlər səsləndirib, digər dövlət və ictimai xadimlərini, dövlət qurumlarını gözdən salmaq üçün qəsdən təxribatçı materialları tirajlayırlar. Bu kimi qüvvələri ifşa etmək çətin deyil, ancaq təəssüf ki, həm bu media quruluşlarını, həm reket jurnalistikanı, həm də ayrıca blogerləri ayrı-ayrı məmurlar himayəsinə götürüblər. Bu barədə hansısa müraciətin də mənası qalmır. Hətta şahidiyəm ki, dövlətin haqlı mövqeyini müdafiə edərkən üzərimizə canfəşanlıqla gələn, böhtan və təhqirlər yağdıran bir neçə ictimaiyyətçiyə sonradan vəzifə də peşkəş ediblər. Anlayıram kimlərsə xüsusi xidmət orqanlarının agenti, yaxud da bu və ya digər dövlət orqanları ilə əməkdaşlıq edən şəxslər ola bilər və bunların bu cür görünməyən obrazlarını qorumaq lazımdır. Belə olsa hələ dərd yarıdır. Bəzi səlahiyyətli şəxslərin xüsusi olaraq qoruduqları hər cinsdən olan məxluqların üzərimizə hücumları ilə qarşılaşanda, anlayırsan ki, bu gün dövlətçilik immunitetimiz nə qədər ciddi şəkildə zədələnib”. 

Fazil Mustafa əlavə edib ki, sosial şəbəkədə Azərbaycan informasiya məkanını zibilləyən, xarici xüsusi xidmət orqanlarını ideoloji tezislərini yayan, ayrı-ayrı Azərbaycan maraqlarını qorumağa çalışan siyasi və ictimai subyektlərə qarşı böhtan, təhqir kampaniyası aparan elementlərlə, təzahürlərlə bağlı müracət ediləcək ixtisaslaşmış dövlət qurumu yox kimidir:

“Bu olduqca ciddi boşluqdur və bunun fəsadları artıq özünü büruzə verməkdədir. Ona görə də əksər faydalı söz, fikir söyləyə biləcək insanlar sosial şəbəkələrdən uzaq qaçır və meydanı ya milli-dini qaragüruha, ya da xarici qüvvələrin rəy yaratma platformasına təslim edirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin