Velosiped yolları nə qədər faydalı olsa da, istifadəçiləri gözə dəymir. Amma bu zolaqlardan istifadə üçün hər bir şərait yaradılıb, velosiped və skuter dayanacaqları qoyulub. Üstəlik, velosiped və skuterləri aylıq, hətta illik kirayələmək də olur. Buna baxmayaraq, Bakıda hələ də velosipeddən istifadə kütləviləşməyib.
Təbii ki, qış fəsli olması da velosiped zolaqlardan istifadəni çətinləşdirir. Amma insanların çoxu hələ də mikromobilləri seçim olaraq görmürlər, ictimai nəqliyyat və avtomobillərdən əlavə bir nəqliyyatın olduğunu qəbul edə bilmirlər.
MÖVZU İLƏ BAĞLI:
Sağlamlığa faydalı olan velosipeddən istifadəni necə ARTIRAQ? – Maraqlı TƏKLİF
Velosiped icarə edənlərin sayı çoxalıb
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizim.Media-ya velosiped zolaqlarından istifadənin çoxalmasından danışıb.
“Əvvələ nisbətən velosiped və skuter istifadəçiləri çoxalıb. Hazırda 35 km velosiped zolağı var, 100 km-ə çatdırılması planlaşdırılır. Bu gün istifadəçilərin statistikası var. Velosiped və skuter icarəsi üçün yaradılan tətbiq vasitəsilə qeydiyyatdan keçənlərin və mikromobil icarə edənlərin statistikasını aparmaq mümkündür. Hər ay velosiped istifadəçilərinin, icarələrin hesabatı paylaşılır. Amma yenə də, əgər velosiped zolaqlarını artırmaq istəyiriksə, çəkilmiş zolaqlar qorunmalıdır, zəbtinin qarşısı alınmalıdır, şəbəkə daha da genişləndirilməlidir, ciddi təşviqat-təbliğat işləri aparılmalıdır”.
Nə qədər adam velosiped zolaqlarından istifadə edir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 2024-cü ilin son 4 ayında 2.133.000 km yol velosiped və skuterlə qət olunub. 460.000 nəfər bu vasitələrdən istifadə edib. 800.000 dəfə velosiped və skuter sifarişi edilib. 103.000 nəfər proqram təminatında qeydiyyatdan keçib. Proqramda aylıq abunə haqqı 9,99 manatdan, illik isə 35,99 manatdan başlayır.
Nuray, Bizim.Media