Azərbaycanda uşaqlara adqoyma zamanı ekspertlər hər zaman bir neçə nüansa xüsusi diqqət göstərilməli olduğunu deyirlər. Əsasən də bizim cəmiyyətdə bəzən uşaqlara qəribə adlar qoymaq istəyirlər, bu da tənqidlə qarşılanır. Adın önəmi böyükdür, çünki o, insanın kimliyini, mədəniyyətini və bəzən də ailə ənənələrini əks etdirir.
Maraqlı nüanslardan biri də adları tərcümə edərkən təhrifə yol verilməsidir. Bizdə elə hərflər var ki, beynəlxalq dillərdə yoxdur, ona görə də tərcümə zamanı adlar dəyişilir. Müasir dönəmin tələblərindən biri də adların beyəlxalq standartlara uyğun yazılmasıdır. Biz bunu kart məlumatlarında, bir çox sənədlərdə, hətta telefonda istifadə etdiyimiz bəzi tətbiqlərdə də müşahidə edə bilərik.
Bəs ad seçərkən bu nüanslar da nəzərə alınmalıdırmı?
Sosioloq Lalə Mehralı Bizim.Media-ya bildirib ki, uşaqlara həm milli köklü, həm də müasir ad seçməyin tərəfdarıdır:
MÖVZU İLƏ BAĞLI:
Bəzi valideynlər uşaqlarına qəribə adlar qoymaq istəyiblər - İcazə verilmədi - VİDEO
“Həmçinin mənası gözəl, bütün dillərdə səslənməsi estetik, virtual platformada istifadəsi rahat olmalıdır. O səbəbdən uşaqlara ad seçəndə tərkibində ə, ü, ğ, x, ö, ş kimi hərflər olan adlar olmamasına diqqət etmək lazımdır ki, virtual platformada yazıldıqda dəyişikliyə məruz qalmasın.
Məsələn, Lalə adını virtual məkanda ya Lala, ya da Lalə olaraq yazmalı oluruq, amma Sevda adını olduğu kimi yazırıq. Bu hərfləri ona görə deyirəm ki, onlar olanda ad başqa dillərdə başqa cür tələffüz edilir. Əli adını başqa dildə tələffüz edəndə Ə hərfi A ilə əvəzlənir, amma tutaq ki, Azad adı dəyişmir”.
Nuray, Bizim.Media