Milli Qəhrəmanlarımızın sayı neçə nəfərə çatdı...

Hazırda oxunan: Milli Qəhrəmanlarımızın sayı neçə nəfərə çatdı...

227719

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvləri – kapitan İqor İvanoviç Kşnyakin, pilot Aleksandr Georgiyeviç Kalyaninov, bələdçi Hökumə Cəlil qızı Əliyeva ölümlərindən sonra bu fəxri ada layiq görülüb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”nın (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və sərnişinlərin bir qismi xilas edilib.

Belə ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 222 nəfərə çatıb. 

Bundan əvvəl “Milli Qəhrəman” fəxri adı Prezidentin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Natiq Qasımova verilmişdi.

Natiq Qasımov 1992-ci ildə Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsə­si uğrunda döyüş zamanı 5 gün ac-susuz ermənilərlə təkbaşına savaşıb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Bu qorxmaz Azərbaycan əsgərinin qəh­rəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib…

Onun nəşinin harada torpağa basdırıldığı Azərbaycan tərəfinə məlum deyil.

Hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin