Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.
Bizim.Media xəbər verir ki, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.
“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov bildirib ki, Ağdamdakı Zəfər muzeyinin tağları günəş istiqamətində hərəkət etməklə zəfərimizin günəş kimi əbədi olduğunu bildirəcək.
Onun sözlərinə görə, Zəfər muzeyi həm abidədir, həm də muzeydir: “Üstündəki həmin tağ Günəşin ardınca hərəkət edir, Günəş enerjisi əsasında. O da bərpaolunan enerjidir. O da o anlama gəlir ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir”.
Sadıqov qeyd edib ki, içərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir:
“Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir. İstəyirik burada da qürur, sülh və doğma torpaq təntənəsini çatdıraq. Bir neçə sərgi zalı var.
Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası və sözsüz ki, simulyasiya otaqları.
Ən vacib otaq isə bizim qəhrəman oğullarımızın adları həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, qurbanlarımızın xatirəsini daim yad etmək üçündür”.
Bizim.Media