Mən İqorun bir həmkarı və onunla çiyin-çiyinə çalışan kapitan kimi tam əminliklə deyirəm ki, İqor o şəraitdə yığdığı həyat, pilot təcrübəsindən tam istifadə edib və son dəqiqəyə, saniyəyə kimi bacardığı hər bir şeyi edib.
Bizim.Media xəbər verir ki, bunu bu gün İqor Kşnyakinlə birgə uzun illər çalışan kapitan Nazim Cəfərov Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.
O, İqor Kşnyakinlə 45 il birlikdə fəaliyyət göstərdiklərini və bütün fəaliyyətlərini Azərbaycan aviasiyasına həsr etdiklərini bildirib:
"Mənim üçün bu gün burada danışmaq çox ağırdır. Çünki İqor Kşnyakinlə biz 45 il çiyin-çiyinə işləmişik. 1979-cu ildə biz - iki bakılı bir yerdə aviasiya məktəbinə qəbul olmuşuq. Orada bizim İqorla dostluğumuz, yaxınlığımız, demək olar, doğmalığımız yarandı. Azərbaycana qayıdandan sonra bütün ömrümüzü, bütün fəaliyyətimizi Azərbaycan aviasiyasının yoluna həsr etmişik. Bu dostluğumuz daha da möhkəmlənib, daha da yaxınlaşıb və deyərdim ki, doğmalaşıb. Bu gün burada iştirak edən İqorun ailəsinə, uşaqlarına dərin hüznlə başsağlığı verirəm.
Çox təəssüf ki, bu gün mən İqorun barəsində keçmiş zamanda danışıram. Bu yaxınlarda biz yığışıb əmək fəaliyyətimizin 45 illiyini qeyd etmişdik. Arzularımız var idi ki, pensiya yaşına qədər çataq və bir az da həyatımızı davam etdirək. Özümüz və ailələrimiz üçün yaşayaq. Çox ağırdır.
Xüsusən də ikinci pilotumuzun - cavan həmkarımızın nəşini burda görmək çox ağırdır. Çünki biz yaşlı kapitanlar olaraq onlara həmişə peşəkarlıq, yaxşı təyyarəçi olmaqdan başqa, bir ata qayğısı, böyük qardaş qayğısı ilə onların həyatda yaxşı insan, təcrübəli işçi olmalarını da arzulamışıq. Həmçinin, Hökümə xanım, qızım üçün bunları arzulamışam. Burada onlar haqqında xoş sözlər azlıq edir. Onların fəaliyyəti, zəhməti, bu ağır anlarda göstərdiyi şücaət heç bir sözə sığmır", - deyə o bildirib.
N.Cəfərov əlavə edib ki, İqor o şəraitdə yığdığı həyat, pilot təcrübəsindən tam istifadə edib və son dəqiqəyə, saniyəyə kimi bacardığı hər bir şeyi edib.
"Mən buna əminəm. Çox əminəm ki, araşdırmalar nəticəsində həqiqətlər tam ortaya çıxacaq. Öz və bütün həmkarlarım adından xahiş edirəm ki, araşdırılsın və həqiqət üzə çıxsın. Təqsirkarlar cəzalandırılsın", - deyə o qeyd edib.
Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:52 / 29.12.2024
İqor son saniyəyə kimi bacardığı hər şeyi edib - Kapitan
Hazırda oxunan: İqor son saniyəyə kimi bacardığı hər şeyi edib - Kapitan
Hazırda oxunan: İqor son saniyəyə kimi bacardığı hər şeyi edib - Kapitan
227617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.