İşğaldan azad edilən Xankəndi şəhərində son bir ildə geniş abadlıq tikinti quruculuq işləri aparıb.
Bizim.Media xəbər verir ki, 2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki,2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi 1 günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə, o cümlədən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb.
İlk növbədə ərazidə inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanları və təşkilatlarının regional fəaliyyəti təmin edilmişdir.
Xankəndidə, Ağdərə və Xocalı rayonlarında iqtisadi fəaliyyətin dəstəklənməsi, o cümlədən özəl sahibkarlıq subyektləri tərəfindən investisiyaların cəlb edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Belə ki, hazırda ərazidə istehsal, xidmət, ictimai iaşə və kənd təsərrüfatı kimi sahələr üzrə yüzlərlə sahibkarlıq obyekti fəaliyyət göstərir.
Qeyd olunan obyektlər üzrə on milyonlarla manat investisiya reallaşdırılmış və yüzlərlə insan işlə təmin edilmişdir. Ərazidə xarici investisiyanın cəlb edilməsi ilə yaradılan və məşğulluğun təmin edilməsində böyük rol oynayan müəssisə kimi Xankəndi Tikiş Fabrikini qeyd etmək olar.
Cari ilin noyabr ayında Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə videobağlantı vasitəsilə açılışı olmuş və Özbəkistan investisiyası əsasında fəaliyyətə başlamış müəssisdə ilkin mərhələdə 400, gələcəkdə isə 800 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Hazırda müəssisədə 300 nəfər işləyir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir.
Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək.
Bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da aparılan bərpa-quruculuq işləri cənab Prezidentinin bir başa nəzarəti altında həyata keçirilir və bu işlərlə yerində tanışlıq məqsədilə ölkə başçısı tərəfindən ərazilərə tez-tez səfərlər təşkil edilir.
Cənab Prezidentin iştirakı ilə cari ilin 28 may tarixində Xocalı şəhərinə ilk 46 ailənin köçürülməsi ilə əraziyə keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi start götürüb. Dekabrın 13-də Xocalının Ballıca kəndinə 27 və dekabrın 27-də isə daha 21 ailə köçürülüb. Yaxın müddətdə Xankəndidən olan keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi də start götürəcəkdir. Hazırda isə Xankəndidə 8 minə yaxın insan məskunlaşmışdır və bu say günü-gündən artmaqdadır.
Bundan başqa ötən dövr ərzində ölkə rəhbərinin iştirakı ilə mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimi və açılışı baş tutub.
5 iyul 2024-cü il tarixli səfəri zamanı cənab Prezident tərəfindən Xocalı Hava Limanının ərazisinə baxış keçirilib və hava limanının fəaliyyətinin bərpası ilə bağlı tapşırıqlar verilib. Ərazinin loqistik imkanlarının artırılması baxımından hava limanının fəaliyyətinin bərpası mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa səfər çərçivəsində cənab Prezident Qarabağ Universitetində görülən işlərlə tanış olub, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” otellərinin açılışında iştirak edib, yaradılan şəraitlə tanış olub.
Qeyd edilən səfər zamanı dövlət başçısı həmçinin Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək Konqres Mərkəzi və onunla bir kompleksdə yer alacaq “Xankəndi” hotelinin layihəsi barədə ölkə başçısına məlumat verilib.
20 sentyabr 2024-cü il tarixində cənab Prezident tərəfindən Xankəndiyə növbəti səfər baş tutub. Səfər çərçivəsində Qarabağ Universitetinin, yeni istifadəyə verilmiş orta məktəb və uşaq bağçasının açılışı olub. Qarabağ Universitetində müasir tədris korpusları, eləcə də Universitetin tələbə və müəllimləri üçün müasir standartlara uyğun yataqxana və mənzillər təqdim edilib.
Eyni zamanda cənab Prezident Xankəndi şəhərinin “Zəfər meydanı”nda Konqres Mərkəzinin tikintisi və Bulud hotelin təmir-bərpa işləri ilə də tanış olub. Mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.
Səfər çərçivəsində cənab Prezident tərəfindən yerli əhəmiyyətli mədəniyyət abidəsi olan Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı binasına baxış keçirilib və binanın bərpası ilə bağlı mühüm tapşırıqlar verilib.
Xankəndi şəhərində bərpa-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, abadlaşdırma və əhalinin geri dönüşü istiqamətində yaşayış məntəqələrində aparılan işlərin maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə ölkə başçısı tərəfindən bir sıra mühüm Sərəncamlar imzalanmışdır.
Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlərə başlanılıb.
Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir.
2024-cü ildə olduğu kimi 2025-ci ildə də müvafiq ərazidə bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması və yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması ilə keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.
Bizim.Media