Xankəndi şəhərinin Zəfər meydanında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iİlk öncə Azərbaycan dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələrinin, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb.
Bayram tədbirində 31 dekabr tarixinin əhəmiyyətindən söz açılıb. Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib: “Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbulu üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qərar qəbul edib”.
Qeyd edilib ki, Heydər Əliyevin siyasi kursu hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu