“Bu gün səhər bizə zəng edib xəbər verdilər ki, Müslümət sağdır. Oğlu anasından xəbər bilmək üçün dünən Aktauya gedib”.
Bunu Bizim.Media-ya təyyarə qəzasında xəsarət alan Müslümət Siracovanın yaxınları bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Qəzada xəsarət alan şəxs: “Təyyarə yerə çırpılanda həyat yoldaşımı itirdim” - VİDEO
Dediklərinə görə oğlu Rəhim anası ilə görüşüb:
“Rəhimə 2-3 dəqiqə anasını görməyə icazə veriblər. Deyir, hələlik danışa bilmir. Amma oğlunu tanıyıb. Əli ilə işarə verib ki, səni tanıdım. Şükür, əl-ayağı yerindədir, tanınmaz halda deyil. Amma başından ağır zərbə, kəllə-beyin travması alıb və komadaymış... Biz dünənə qədər onun öldüyünü və qaldığını bilimirdik. Ömrümüzdən ömür getdi... Çox şükür, bildik ki, sağdır. Sağalıb ayağa dursun deyə dua edirik”, - deyə doğmaları narahatlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Müslümat Siracova təyyarə qəzasından sonra Qazaxıstandan Azərbaycana gətirilən Zaqatala rayon sakini Nurulla Siracovun həyat yoldaşıdır. Onlar birgə uçsalar da, təyyarə qəzasından sonra bir-birlərindən xəbər ala bilməyiblər. 3 gün sonra qadının sağ olduğu ortaya çıxıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Rəna Cumaqızı, Bizim.Media