Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında baş verən qəzasında həlak olan Cəlilabad rayon sakini Qoşqar Sadıqov Mirzəli kəndində torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 27 yaşlı Qoşqar Sadıqovun nəşi ailəsinə təhvil verildikdən sonra vida mərasimi təşkil olunub və gecə saatlarında dəfn mərasimi baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqarın nəşi bu gün ailəsinə TƏHVİL VERİLƏCƏK - FOTO/VİDEO
Subay olan mərhumun bir bacısı və bir qardaşı var idi.
O, Qroznıda çalışırdı.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Sabutay, Bizim.Media, Cənub bürosu