Təyyarə qəzasında sağ qalan bələdçinin atası DANIŞDI - “Adını ölənlərin siyahısında oxudum”

Hazırda oxunan: Təyyarə qəzasında sağ qalan bələdçinin atası DANIŞDI - “Adını ölənlərin siyahısında oxudum”

227134

Ötən gün Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sağ qalan bələdçilərindən biri də Aydan Rəhimlidir. Əvvəlcə onun ölüm xəbərləri yayılsa da, sonradan bələdçinin xəstəxanadan görüntüləri yayılıb.

Əslən Zaqataladan olan, 1999-cu il təvəllüdlü Aydan Rəhimlinin atası Vaqif Rəhimli Bizim.Media-ya danışıb. O, qızının təyyarə qəzasına düşməsi xəbərini ilk olaraq mediadakı xəbərlərdən aldığını deyib:

“Qızımın adını ölənlərin siyahısında oxudum. Sonra oğlum zəng etdi ki, Aydanın olduğu təyyarə qəzaya uğrayıb, xəbəri eşitmisən? Dünya başıma uçdu. Sonradan dedilər ki, ekipaj üzvlərindən ikisi sağ qalıb. Onlardan biri də mənim qızımdır. AZAL-la əlaqə saxladım. Qaynar xəttdən mənə məlumat verildi ki, qızınız normaldı, həkim müayinəsindədir”

Atanın sözlərinə görə qızı Ukraynanın Xarkov şəhərində Beynəlxalq əlaqələr üzrə ali təhsil alıb. Cəmi 4 aya yaxındır ki, AZAL-da çalışır:

“Sözün açığı mən çalışırdım ki, o, təyyarə ilə çox uçmasın. Daha çox yaxın məsafələrə uçuşu olurdu. Xüsusən də Naxçıvana, filan bir neçə uçuşu olub. Ona görə məhz sonuncu uçuşundan xəbərsiz idim”.

Ata qızı ilə bir dəfə telefon əlaqəsi qurduğunu deyib:


“Əslində qızımın yanına uçmaq istəyirdim. AZAL-dan bildirdilər ki, buna ehtiyac yoxdur, xəstə yaxınları xəstəxanaya buraxılmır. Mənə nömrə verdilər, qızımla danışdım. Ağlayırdı... Faciə gözləri önündə canlandığı üçün hələ də özündə deyil. İnsanların necə yandığını öz gözləri ilə gördüyünü deyib hönkürdü. Sarsıntı içindədir. Qızıma psixoloq da təhkim olunub. Bir neçə gün psixoloji dəstək göstərildikdən sonra ölkəyə gətiriləcək”, - deyə ata əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin