Aktauda baş verən təyyarə qəzasında sağ qalanlardan biri Vladivostok sakini, 34 yaşlı turizm işi ilə məşğul olan Kristina Evstiqneyevadır.
Bizim.Media xəbər verir ki, o, iş üçün Bakıda idi və bu gün təyyarə ilə evinə qayıdırdı.
Kristina qəzadan əvvəl təyyarədə baş verənlərdən danışıb.
O bildirib ki, təyyarə yerə endiyi zaman oturacaqlardan yapışıb:
“Özümə gələndə gördüm ki, sağ tərəf partlayıb. Toqquşmadan əvvəl təyyarə təxminən 1 saat havada dövr edib. Stüardessa sərt eniş olacağı barədə xəbərdarlıq etdi. Dedi ki, başınızı aşağı salın. Eniş zamanı quşun mühərrikə dəymə səsinə bənzər zərbə səsi eşitdik. Yerə dəyəndə huşumu itirmişdim. Ayılanda özüm kabinəni tərk etdim, məni həkimlər qarşıladı”.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
Bizim.Media