Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqası ilə danışanda tutdum"

Hazırda oxunan: Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqası ilə danışanda tutdum"

226693

Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama aktına əsasən, Nurəddin Məmmədov 28 aprel 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsindəki evində olarkən arvadı, zərərçəkmiş Ayşən Məmmədovanın pilləkəndə oturub istintaqa məlum olmayan şəxslə “Whatsapp”da görüntülü danışdığını görüb. O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib. Sonra təqsirləndirilən şəxs telefonu qadının əlindən alıb başına vurub, sinəsindən itələyib, bıçağın dəstəyi ilə onun təpə nahiyəsindən bir dəfə vurub.
 

Bundan başqa, o, 5 may 2024-cü il tarixdə, saat 13:30 radələrində yaşadığı evə gəlib arvadı Ayşənin yataq otağında “Whatsapp"da kiminləsə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmalarını görüb. Sonra Nurəddin həyat yoldaşının ona xəyanət etməsindən əmin olub. Bu zaman Ayşən isə etdiyi hərəkətlərə haqq qazandırmağa çalışıb. Onlar mübahisə edə-edə mətbəx otağına keçib. Daha sonra təqsirləndirilən şəxs qəflətən hər iki əli ilə qadının boğazından tutub yerə yıxıb. Nurəddin yerdə arvadını boğaraq öldürüb.


Məhkəmə baxışı zamanı o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Nurəddin ifadəsində qeyd edib ki, hadisə günü evə gəldiyini arvadına deməyib. O, evə əsas girişindən deyil, arxa tərəfdən daxil olub.

"Otağın qarşısına kimi yavaş-yavaş gələrək Ayşənin telefonla danışdığını gördüm. Arvadımın telefonla danışdıqlarına bir az qulaq asdım və “uşaqlar olduğundan göstərə bilməməsini” söylədiyini eşitdim. Həmin anda içəri daxil oldum. Ayşən məni görən kimi yuxarı qalxmış köynəyini aşağı endirdi. Həmin vaxt qarşı tərəfdəki şəxs telefonu söndürdü. Ondan həmin şəxsin kim olduğunu soruşdum. O, telefonda danışdığı şəxsin bacısının tanışı olduğunu bildirdi.

Lakin arvadıma inanmadım. Telefonu götürüb yazışmalara baxdım və bundan sonra mübahisəmiz başladı. Uşaqlar mübahisəmizi görməsin deyə mətbəx otağına keçdik.

Sonra Ayşən təhqirə keçməyə başladı. Həmin an əsəbi olduğumdan arvadımı yerə yıxıb boğazından sıxdım. Onu öldürmək kimi bir məqsədim yox idi. Məqsədim telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib uşaqları onun əlindən almaq idi", deyə Nurəddin ifadəsində söyləyib.

O deyib ki, Ayşəni öldürdükdən sonra qardaşına zəng edərək hadisəni ona danışıb. Qardaşı onlara gəldikdən sonra DİN-in 102 qaynar xəttinə zəng edib təslim olduğunu bildirib.

Sonda Nurəddin himayəsində 2 azyaşlı uşaqlarının olduğunu və əməlindən peşmançılıq çəkdiyini qeyd edərək məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib.

Nurəddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa az ağır zərə vurma) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin