Azərbaycan D-8 formatından NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Azərbaycan D-8 formatından NƏ GÖZLƏYİR?

226556

Beynəlxalq aləmdə yaşanan gərginliklər hər bir dövləti özünə etibarlı tərəfdaşlar seçmək, xarici siyasət kursunu rasional hədəflər üzərində qurmaq və bu hədəflərə dəstək ifadə edən ölkələrlə əməkdaşlığı gücləndirmək məcburiyyətində qoyur.

Azərbaycan bu gün Cənubi Qafqazın lideri olmaqla yanaşı, diplomatik müstəvidə effektiv fəaliyyət ortaya qoyaraq dünyanın müxtəlif təşkilatlarında nüfuzlu söz sahibinə çevrilməkdədir.

Prezident İlham Əliyevin xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı kimi strukturlara uğurla sədrlik etdi, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, AQEM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digərlərində effektiv fəaliyyət göstərir. Prezident İlham Əliyevin diplomatik səyləri və qlobal təşəbbüsləri Azərbaycana COP kimi beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazandırdı.

Son zamanlar dünyada artan gərginlik, Ukrayna, Suriya, Qəzza problemləri, Gürcüstanda çevriliş cəhdi və digərləri uzun illər demokratiya və ədalətin carçısı libasında çıxış edən Avropa təşkilatları – BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, hətta NATO-nun belə səmərəli və optimal fəaliyyət ortaya qoya bilmədiklərini təsdiq edir.
 

Müxtəlif ölkələrdə hakimiyyətə gətirilən diletant siyasətçilər ABŞ, Fransa, Almaniya kimi nüfuzlu dövlətlərin təsiri altına düşərək Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası müstəvisində ikili standartları, riyakarlığı, Avropa ilə digər bölgələr arasında fərqin olduğunu təbliğ edən qərar və qətnamələr qəbul etdirir, bununla da beynəlxalq təhlükəsizlik sisteminə sağalmaz zərbələr vururlar.


Azərbaycan bu kimi qurumların “faydalılıq əmsalı”nın yetərli qədər olmadığını görərək artıq nüfuzunu itirmiş birliklər deyil, çağdaş dövrün tələblərinə çevik reaksiya verə biləcək təşkilatlarla əməkdaşlıq yolunu seçir. Bu təşkilatlardan biri də təbii ki, dekabrın 19-da tamhüquqlu üzv kimi qəbul olunduğumuz D-8 formatı olacaq.

Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının təməli 1996-cı il oktyabrın 22-də İstanbulda qoyuldu. 1997-ci il iyunun 15-də isə format rəsmən təsis edildi. Hazırda Azərbaycandan başqa təşkilatda yer alan ölkələr Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyədir. Beləliklə, 1997-ci ildən etibarən hər hansı genişlənməyə getməyən D-8-ə seçilməyimiz beynəlxalq nüfuzumuz, qlobal təşəbbüslərimiz və iqtisadi inkişaf göstəricilərimizlə birbaşa bağlıdır.

D-8 təşkilatının əsas məqsədi üzv ölkələr arasında iqtisadi-ticari, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir.

Qurumun əsas hədəfləri iqtisadi proqramlar üzərində qoyulsa da, D-8 sülh və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirir və beynəlxalq siyasi əməkdaşlığı təşviq edir. Çünki, sülhün və sabitliyin olmadığı bir regionda iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz. Odur ki, D-8-ə üzv ölkələr təhlükəsizlik məsələsini prioritet olaraq irəli sürürlər.

Bu gün D-8 dünyada böyük iqtisadi potensiala malik təşkilat kimi tanınmaqdadır. Statistikaya görə,

- üzv ölkələrdə təqribən 1,1 milyard insan yaşayır;

- 8 ölkənin iqtisadiyyatının həcmi təxminən 3,8 trilyon dollar təşkil edir;

- 4 trilyon dollardan artıq ÜDM-ə malikdir;

- 130 milyard dollar ticarət dövriyyəsi həyata keçirir;

- təşkilat üzvləri qısa müddətdə dövriyyəni 500 milyard dollara çatdıra bilərlər.

D-8-ə üzv ölkələrin sayının artırılması, qarşılıqlı ticarətin milli valyutalarla aparılması qurumun effektiv fəaliyyətinə əlavə stimul verəcək. Təşkilat 3 qitəni birləşdirir, üzvlərinin əhalisinin sayı isə dünya müsəlmanlarının 60 faizini təşkil edir. İki üzv ölkə - Türkiyə və İndoneziya “Böyük iyirmilər”də təmsil olunurlar. Təşkilat “2020-2030: D-8 -10 illik Yol Xəritəsi” adlı sənədə sahibdir və həmin sənəd 3 mərhələli inkişaf strategiyasının icrasını nəzərdə tutur.

Bəli, Prezident İlham Əliyevin yeni əməkdaşlıq istiqamətlərinin açılması strategiyası real nəticələrini verir. Hazırda Azərbaycan Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Vışeqrad qrupu və digər formatlarda arzuolunan tərəfdaşlardan biri kimi qəbul edilir. Diplomatik zəfər artıq D-8 formatını da əhatə etməkdədir və ölkə ictimaiyyəti bu qurumun Azərbaycana gətirəcəyi dividendlərə rəğbətlə yanaşır.

Hansı dividendlərimiz olacaq?

1.Azərbaycan digər üzv ölkələrlə ticarət əlaqələrini artırmağa - xüsusən də, enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində - daha çox imkan əldə edəcək;

2.D-8 formatında təmsil olunan ölkələrin bazarlarına daxil olmaqla, ixracın şaxələndirilməsinə nail ola biləcək;

3.İqtisadi əməkdaşlığı dərinləşdirmək hesabına xarici investisiyalara sahib olacaq;

4.Texnologiya və innovasiya sahəsində əlaqələri gücləndirə, eyni zamanda, sosial-mədəni layihələri icra edə biləcək və s.

Bu gün Azərbaycanın D-8 ölkələrinin əksəriyyəti ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səmərəliliyi ilə seçilən münasibətləri var. Artıq D-9-a çevrilən quruma üzv olmaq ölkəmizə ciddi iqtisadi dividendlər qazandırmaqla yanaşı, həm də təşkilatın geosiyasi potensialından faydalanmağa, qlobal tribunalarda özünün ədalətli mövqeyini qorumaq üçün daha üstün imkanları təmin edəcək.

Bəs Azərbaycan format üzvü olan ölkələrə nə verə bilər?

1.Geosiyasi mövqeyi, geniş iqtisadi potensialı ilə regional mərkəzlərdən biri kimi seçilən Azərbaycanın yaratdığı yeni reallıqlar D-8 ölkələri üçün də cəlbedici olacaq;

2.Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri kimi tanınır ki, bu, islam həmrəyliyinin daha da gücləndirilməsinə təkan verəcək;

3.Ölkəmizin islamofobiya ilə mübarizə işinə verdiyi töhfələr D-8 ölkələri üçün də fəaliyyət nümunəsinə çevriləcək;

4.Qlobal miqyasda Azərbaycanın siyasi proseslərə təsiretmə gücü qazanması ikili standartlarla üzləşən üzv ölkələrin daha ciddi dəstək qazanmasını şərtləndirəcək;

5.D-8 dövlətləri Azərbaycanın tranzit-logistik imkanlarından yararlanmaqla dünya iqtisadi bazarına daha asan çıxış imkanı əldə edəcəklər və s.
 

Beləliklə, son illər tarixi uğurları ilə dünyada böyük nüfuz qazanan, bir sıra güc mərkəzlərinin isə məhz bu inkişafa görə qısqanclıqla yanaşdığı Azərbaycanın D-8 formatına üzv seçilməsi ölkəmizin iqtisadi yüksəlişində proqressiv rol oynamaqla yanaşı, həm də regional problemlərin həllində daha etibarlı tribunanın qazanılmasına gətirib çıxaracaq.


İslam ölkələri arasında təşkilatlanma və mövcud narazılıqların tam aradan qaldırılması isə müsəlman dünyasını Azərbaycan və Türkiyənin liderliyi altında qlobal proseslərdə həlledici söz sahiblərindən birinə çevirəcək.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin