Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür

Hazırda oxunan: Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür

226388

Görkəmli ictimai xadim, pedaqoq, jurnalist, publisist Nəsir İmanquliyev Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına əvəzsiz töhfələr verib. O, Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm xidmətlər göstərib.

Bizim.Media xatırladır ki, Nəsir İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olub.

1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib, 1934-cü ildə Neft Texnikumuna qəbul olub. Mətbuata xüsusi maraq göstərib. Müxtəlif qəzetlərdə, o cümlədən “Kommunist”, “Yeni yol”, “Gənc işçi”də ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi olub, həmçinin hərbi hissədə tərcüməçi kimi çalışıb. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin olunub, bu qəzetdə müxtəlif mövzularda məqalələri yer alıb.
 

Nəsir İmanquliyev 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətə başlayıb. 1948-1950-ci illərdə universitetin Filologiya fakültəsində təhsilini iki ilə müvəffəqiyyətlə başa vurub. 1947-1998-ci illərdə BDU-da Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olub. Bacarıqlı jurnalist kadrlarının hazırlanmasına böyük əmək sərf edib. 1958-ci ildə “Bakı” və “Baku” (1953) axşam qəzetlərinin baş redaktoru olub.


Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləyib. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.

Nəsir İmanquliyev mətbuatımızın tarixində silinməz iz qoyub, orijinal jurnalistlik məktəbi yaradıb. O öz zəngin yaradıcılığı, çoxşaxəli fəaliyyəti ilə doğma Vətəninə və xalqına ləyaqətlə xidmət edib.

Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat edib. O, xoşxasiyyət, nəcib bir insan, nurlu bir şəxsiyyət idi. Tələbələrinə daim böyük sevgi və qayğı göstərərdi, onların təhsildə uğurlar qazanmasına, bacarıqlı mütəxəssis olmasına çalışardı. Nəsir İmanquliyevin həyat yolu əsl vətənpərvərlik nümunəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin