Sənədsiz evlərlə bağlı BEYNƏLXALQ TƏCRÜBƏ – Problem necə həll oluna BİLƏR? – ARAŞDIRMA

Hazırda oxunan: Sənədsiz evlərlə bağlı BEYNƏLXALQ TƏCRÜBƏ – Problem necə həll oluna BİLƏR? – ARAŞDIRMA

226171

Sənədsiz evlərin sənədləşdirilməsi məsələsi bu il də baş tutmadı...

Məlum olduğu kimi təkcə Abşeron yarımadasında 500 mindən artıq sənədsiz mənzil var. Bu ilin əvvəllərində İqtisadiyyat Nazirliyi yanında  Əmlak Məsələləri Dövlət Xidməti bildirmişdi ki, ilin sonunda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı prosesə başlanılacaq. Lakin il sona çatsa da, bu sahədə heç bir yenilik yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – Mühüm AÇIQLAMA  


Sənədsiz evlərin amnistiyasında beynəlxalq təcrübə

Sənədsiz evlər bütün dünyada var. Bu problem bir sıra ölkələrdə müxtəlif vaxtlarda fərqli şəkildə həllini tapıb. Qonşu Türkiyə və Gürcüstan ötən illərdə uğurlu islahatlar keçirib. Məsələn, Türkiyədə 2018-ci ildə qəbul edilən “İmar Barışı” qanunu ilə 31 dekabr 2017-ci il tarixinədək inşa olunmuş sənədsiz tikililər rəsmi çıxarışlar (“Yapı Kayıt Belgesi”) alaraq leqallaşdırılıb.

Bu proqram çərçivəsində 7 milyondan çox sənədsiz ev rəsmi qeydiyyata düşüb və kommunal xidmətlərə çıxış əldə edib. Bunun nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları artıb, vətəndaşlar hüquqi təhlükəsizlik əldə edib, əmlak bazarında şəffaflıq təmin olunub.

Digər bir uğurlu layihə Gürcüstanda reallaşıb.

2024-cü ilin yanvarın 1-dən tətbiq olunan tikinti amnistiyası fərdi torpaq sahələrində yerləşən qanunsuz tikililəri leqallaşdırmağı hədəfləyir. Bu islahat təxminən 1 milyon nəfəri əhatə edir və minlərlə evi rəsmi qeydiyyata alaraq bir sıra imkanları təmin edib. Belə ki, əmlak sahibləri kommunal xidmətlərdən istifadə hüququ qazanıb, hüquqi münasibətlər möhkəmlənib, əmlak bazarı daha sistemli hala gətirilib.

Hər iki ölkənin təcrübəsi göstərir ki, əmlak bazarında qanunsuz tikililərin leqallaşdırılması həm iqtisadi, həm də sosial baxımdan müsbət nəticələrə gətirib çıxarır.

Bu uğurlar Azərbaycanda da əmlak bazarının inkişafı üçün faydalı təcrübə ola bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev həm Türkiyə, həm də Gürcüstandakı əmlak amnistiyasını yüksək qiymətləndirib:

“Bu layihələr ilk növbədə vətəndaşların əmlak hüququnun tanınmasına imkan yaradır. Digər tərəfdən hər iki ölkə bu addım hesabına ciddi gəlirlər əldə edəcək. Nəzərə alaq ki, Abşeron yarımadasında dövlət qeydiyyatı olmayan yüz minlərlə fərdi evlər, qeyri-yaşayış və torpaq sahələri var. Bu əmlakların bir hissəsi sovetlər dövründən qalıb. Digər bir hissəsi isə son 30 ildə formalaşıb.

Bu gün Alatava, “Kubinka”, “Papanin” və digər massivlərdəki sənədsiz evlər bizə sovetlərdən miras qalıb. Sənədsiz sayılan digər evlər isə vaxtilə kolxoz-sovxoz, daha sonra isə yerli icra hakimiyyətləri və bələdiyyə qərarları ilə salınan massivlərdir. 

Təbii ki, fərdi mənzil tikintisi üçün torpaq ayıran hər bir təşkilat rəsmi qurumdur. Onların bir çoxu hətta dövlət orqanlarıdır. Bununla belə bu qurumların ayırdığı ərazilərdə tikilən evlərin böyük əksəriyyəti bu günə kimi dövlət qeydiyyatına alınmayıb”. 

Çıxarışı olmayan mənzillər hansı problemləri yaradır?

Ekspert deyib ki, çıxarışı olmayan evlər əmlak və torpaq  vergisi verməkdən yayınır, alqı-satqı predmeti ola bilmir, sığortalanmır:

“Bu da böyük ölçüdə iqtisadi itki deməkdir. Çıxarışı olmayan mənzillər həm də sosial problem yaradır. Məsələn, çıxarışı olmayan evlərdə yaşayanlar boşanarkən mənzil hüququndan yararlana bilmir, ailə başçısı itirilən zaman vərəsəlik hüququ tanınmır və ən başlıcası insanlar yaşadıqları ünvana qeydiyyata düşə bilmirlər. Bir sözlə, 500 min mənzilin özəlləşdirilməməsi iqtisadiyyatımıza və sosial həyatımıza çox böyük ziyanlar vurur. 

Qeydiyyata alınmayan evlərin əksəriyyətinə bu və digər dövlət qurumu tərəfindən sənəd verilib. Lakin bir dövlət qurumu başqa bir dövlət qurumunun verdiyi sənədi qəbul etmir. Əgər ilkin sənəddə hansısa saxtakarlıq varsa, buna görə vətəndaş deyil, müvafiq qurumlar məsuliyyət daşıyır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin