Tovuz rayonunda 71 nəfərin tüstüdən zəhərləndiyi Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində tədris prosesi bərpa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, dünən səhər saatlarında Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində iki palet sobanın borusunun tıxanması səbəbindən 71 nəfər tüstüdən zəhərlənib.
Bizim.Media