“Bakı şəhərinin perspektiv planı nəzərə alınmaqla Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiyasına qədər yeni yolun tikintisinə başlanacaq. Layihənin əsas məqsədi əhalinin gediş-gəlişində baş verən ləngimələrin aradan qaldırılmasıdır.
Bakının genişləndirilmiş baş planında əsasən bu problemlərə yer ayrılıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri “demokrat.az”a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
O bildirib ki, “Gənclik” və “Nəriman Nərimanov” metrostansiyası ətrafından paralel “Koroğlu” metrostansiyasına qədər olan bu yol sıxlığı aradan qaldıracaq:
“Bakının baş planında yeni yolların tikintisi, küçə və prospektlərdə sıxlığın aradan qaldırılması üçün bu işlərin davam etdirilməsi nəzərdə tutulub.
Plana əsasən, yaşayış massivlərinin, obyektlərin hazırda qeydiyyatı aparılır.
Layihəyə əsasən “Keşlə” bazarının da sökülməsi nəzərdə tutulur. Bütün bunlar sıxlığı aradan qaldırmaq üçün atılan addımlardır. Xüsusilə, pik saatlarda tıxac səbəbindən insanlar gedəcəkləri yerlərə gecikirlər. Yeni alternativ yolların, prospektlərin salınmasına və təmir olunmasına ehtiyac yaranıb. Azərbaycan Avtomobil Yolları tərəfindən görülən işlər bütün bu problemlərin həlli üçün önəmli addım olacaq”.
Qeyd edək ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.
Bizim.Media