“İnformasiya cəmiyyətində media savadlılığı medianın olmazsa olmazıdır. Çünki nəticə etibarilə hazırkı ictimai münasibətlər kontekstində informasiya çox mühüm bir vasitədir. O, ictimai rəyi təyin edən, onun keyfiyyətini müəyyənləşdirən bir vasitədir və biz bilirik ki, ictimai rəyin formalaşmasında da media institutlarının müstəsna rolu var”.
MÖVZU İLƏ BAĞLI:
Baş redaktor: "Media savadlılığı şəxsi və rəqəmsal təhlükəsizlik baxımından vacib məsələdir"
Bunu millət vəkili Hikmət Babaoğlu media savadlılığı həftəsi ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşərkən bildirib.
Deputat qeyd edib ki, media savadlılığı deyəndə biz bir neçə məsələni kompleks olaraq nəzərdən keçirməliyik:
“Media savadlılığı həm də media daşıyıcılarının və media subyektlərinin informasiya ilə savadlı işləmə qabiliyyətidir. Eyni zamanda yeni innovativ informasiya texnologiyalarından xüsusi alət kimi ən yüksək səviyyədə istifadə etməyi bacarmasıdır. Nəticə etibarilə medianın klassik funksiyalarından biri maarifləndirmədir. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə informasiya cəmiyyətlərində yeni insan tipi formalaşır. Bu, bizim bildiyimiz “homo sapiens”dən bir qədər fərqlidir. Təsadüfi deyil ki, yeni informasiya əsasında formalaşan insan tipini biz “homo informatikus” adlandırırıq. Yeni əsrin yeni insanı... Onların özünəməxsus kommunikasiya metod və üsulları var”.
Hikmət Babaoğlu onu da deyib ki, bundan başqa media subyektlərinin ölkədə, informasiya məkanında media kontentini yaratmaq qabiliyyəti də çox mühümdür və biz bunu da media savadlılığı kateqoriyasına aid edə bilərik:
“Əgər bütün bunların hamısını ümumiləşdirsək, görəcəyik ki, medianın üzərinə bu istiqamətdə çox mühüm vəzifələr düşür.
Ayrıca qeyd olunmalı xüsusi bir məsələ var, bu da ondan ibarətdir ki, hazırkı tarixi mərhələdə milli informasiya məkanıyla qlobal informasiya məkanının sərhədlərinin harda başlayıb, harda qurtardığını təyin etmək mümkün deyil. Bu konteksdə biz bilirik ki, milli informasiya mühiti üzərində qlobal informasiya məkanının çox ağır bir təzyiqi var. Bundan xilas olmaq üçün də media savadlılığı şərti ortaya çıxır. Nəticə etibarilə əgər biz milli ictimai mühitimizi qorumağa çalışırıqsa, demək, mütləq qlobal informasiyanın təzyiqinə qarşı mübarizə metodlarımızı da müəyyənləşdirməliyik. Əks təqdirdə, qlobal ictimai mühit milli mühiti manipulyasiya etməklə onu milli maraqlardan asanlıqla uzaqlaşdırır. Ona görə, düşünürəm ki, bu günlərdə Azərbaycanda media savadlılığı ilə bağlı təşkil olunan tədbirlər olduqca aktualdır və bu, daim gündəmdə saxlanılmalıdır”.
Rəna Cumaqızı, Bizim.Media