Qarlı, şaxtalı havalarda vətəndaşların əziyyət çəkdikləri problemlərdən biri də su sayğaclarının donmasıdır. Bununla bağlı narazılıqlar çox olsa da, bu hal demək olar ki, hər qış təkrarlanır.
Bəs çözüm nədir?
MÖVZU İLƏ BAĞLI:
Su sayğaclarını donvurmadan necə qorumaq OLAR? – VİDEO
Məsələylə bağlı İri Şəhərlərin Su Təchizatı Agentliyinə sorğu ünvanladıq.
Agentlikdən Bizim.Media-ya verilən açıqlamada səbəbin su xətlərinin izolyasiya olunmamasıyla bağlı olduğu qeyd olunub.
“Qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır. Vətəndaşlar tərəfindən pərakəndə üsulla çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir”.
Qurum açıqlamasında istehlakçıların diqqətinə çatdırıb ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:
“Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Don vurmadan mühafizə tədbirləri məqsədilə sayğacların üzərinin isti materiallarda olan örtük və quru ağac yonqarları ilə əhatə olunması tövsiyə olunur”.
Nəzrin Mirzəyeva, Bizim.Media