Bu ilin yanvar-noyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,3 faiz və 8 faiz artıb.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 213,7 milyon ton yük daşınıb.
Qeyd edilib ki, yüklərin 3,7 faizi dəniz, 7,9 faizi dəmir yolu, 0,2 faizi hava, 59,4 faizi avtomobil nəqliyyatı ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,7 faiz artıb.
Məlumata görə, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79 faiz təşkil edib. 2024-cü ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 milyard 870,5 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında 16,9 milyon ton yük, 7 milyon 672,6 min sərnişin daşınıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,1 faiz, sərnişin daşınmasında isə 21 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 375 vaqon yüklənib, 437 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
Dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7 milyon 932,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalıb. Yüklərin 48,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 12921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 milyon 377 min tonunu və ya 80,3 faizini tranzit yüklər təşkil edib. 2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26 min nəfər olub.
Bizim.Media