“Media savadlılığı kifayət qədər geniş və kompleks bir anlayışdır. Bu anlayış "Media haqqında" Qanunda da öz əksini tapıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elçin Mirzəbəyli media savadlılığı mövzusundakı fikirlərini bölüşərkən deyib.
O qeyd edib ki, media savadlılığı ölkəmizdə sadəcə, mülahizələr, fərdi fikirlər müstəvisində deyil, qanunvericilik çərçivəsində müəyyənləşdirilmiş bir məsələdir və geniş sahəni əhatə edir:
“Müasir dövrdə media savadlılığı insanların şəxsi təhlükəsizliyindən başlamış bütövlükdə cəmiyyətin, ictimai və dövlət maraqlarının müdafiəsinə qədər bütün istiqamətləri əhatə edir.
Xüsusilə indiki şəraitdə - internet resurslarının, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda bu prosesin içərisində həm vətəndaşın öz təhlükəsizliyini təmin etməsi, həm feyk xəbərlərə qarşı mübarizənin təşkil edilməsi, həm dövlətin, milli maraqların, informasiya məkanının təhlükəsizliyini qorunması üçün təbii ki, hər kəs mənbələrlə işləməyi öyrənməli, ilkin məlumatın hansı mənbələrdən alınmasını doğru şəkildə müəyyənləşdirməyi bacarmalıdır”.
Deputatın fikrincə, bu vərdişlər qısa zaman kəsiyində aşılanan vərdişlər deyil:
“Bu baxımdan kiçik yaşlardan başlayaraq - məktəbəqədər təhsildən, təhsil prosesindən, bütövlükdə insanın, fərdin şəxsiyyət kimi formalaşmasını əhatə edən bütün zaman kəsiyindən yararlanaraq, insanları müasir çağırışlara cavab verməyə hazırlamaq lazımdır. Bu baxımdan düşünürəm ki, nə qədər ki, cəmiyyət, ictimai mühit var, media savadlılığı daim tətbiq olunmalı, bu barədə mütəmadi olaraq məlumatlar verilməli və cəmiyyətin savadlanması istiqamətində addımlar atılmalıdır”.
Qeyd edək ki, dekabrın 16-dan etibarən “Media Savadlılığı” Həftəsinə start verilib. Dekabrın 22-dək davam edəcək “Media Savadlılığı” Həftəsi Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilir.
Rəna Cumaqızı, Bizim.Media