İdman zallarında FACİƏ - Məşqçilər şagirdlərini aqressiv yetişdirir, ya öyrətmə metodlarında yanlışlıq var?

Hazırda oxunan: İdman zallarında FACİƏ - Məşqçilər şagirdlərini aqressiv yetişdirir, ya öyrətmə metodlarında yanlışlıq var?

225665

Xəbər verildiyi kimi Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib. Belə ki, 13 yaşlı idmançı ehtiyatsızlıqdan yaşıdı olan digər idmançını boğaraq öldürüb.

Bizim.Media saytının əməkdaşı hadisənin təfərrüatını öyrənmək üçün sözügedən idman klubu ilə əlaqə saxlayıb.

“Hədəf” idman klubundan baş verənləri bədbəxt hadisə adlandırıblar və bu haqda Cüdo Federasiyası ilə əlaqə saxlamağımızı tövsiyə ediblər.

Cüdo Federasiyasından isə hadisə barədə hələki açıqlama verilməyib.

Xatırladaq ki, bu hadisə idman zallarında məşq zamanı baş verən ilk neqativ hal deyil. Dəfələrlə uşaqların, yeniyetmələrin məşq zamanı məşqçilər tərəfindən fiziki şiddətə məruz qaldığına dair görüntülər yayılıb. Hətta ölüm faktı da qeydə alınıb.

Bəs bu cür halların baş verməsinə səbəb nədir? Məşqçilər şagirdlərini aqressiv yetişdirirlər, yoxsa öyrətmə metodlarında yanlışlıq var?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan güləş üzrə əməkdar məşqçi Ramin Allahverdiyev deyib ki, məşqlər idman qaydalarına uyğun aparılsa, zədə ola bilməz:

“Hadisə iştirakçısı olmadığım üçün nəyə görə baş verdiyini bilmirəm. Amma istənilən halda ölüm hadisəsi baş verirsə, məsuliyyət yaranır, səhlənkarlıq da ola bilər. Düzdür, həyatdı, heç kim heç nədən sığortalanmayıb, hər şey ola bilər. İdman da riskli sahələrdən sayılır. Buna baxmayaraq hər bir idman növünün öz qaydaları var, o qaydalar çərçivəsində məşq aparılsa, orda zədə də ola bilməz. İdmanda mikro zədələr olur, yəni qaydalar çərçivəsində keçirilsə belə bu, qaçılmazdır. Amma ağır zədələr belə olmaya bilər, nəinki ölüm hadisəsi...”

Məşqçi belə hallarda hakim və məşqçinin müdaxilə etməli olduğunu vurğulayıb:

“Güləşin bir neçə növü var, sərbəst və yunan-roma güləşində boğucu-qırıcı fəndlər yoxdur, amma sambo, cüdoda boğucu-qırıcı fəndlər var. Bu şərtlə ki, idmançı təslim hərəkətini yerinə yetirərsə, rəqib onu buraxmalıdır. Belə görüşlər hakim nəzarətində olur. Yaxud məşq prosesində olursa, məşqçi nəzarət eləməlidir. Məşqçi idmançının boğulduğunu hiss eləməlidir və dərhal görüşü saxlamalıdır. Boğmaq fəndləri belə qaydalar çərçivəsində olur. O demək deyil ki, kimisə boğub öldürməlisən”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin