Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümündə onu şəxsən tanımış, dövlət qulluğunda və peşə həyatında bu böyük insanın dəstəyini görmüş ziyalı bir xanımla həmsöhbət olduq. Quba şəhər sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi Elza Orucova Bizim.Media-ya müsahibəsində Heydər Əliyevlə tanışlığından, onun sayəsində uzun illər dövlət qulluğunda çalışmasından danışıb. Pedaqoq 1969-ci ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kursunda oxuyarkən filarmoniyada konsert zamanı gördüklərini belə nəql edib:
Qaçmaq istəyirdik ki, başımın üstündə boy-buxunlu, yaraşıqlı birini gördük...
“Dövlət Filarmoniyasında kamera orkestrinin konserti təşkil olunmuşdu. Dərsdən sonra 5 nəfər əlaçı tələbə həmin konsertə dəvət olunmuşduq. Düzü, biz tələbələrə maraqlı olmadığından konsert zalından qaçmaq istəyirdik. Fasiləni gözlədik. Zaldan çıxmaq istəyirdik ki, bir də gördük başımızın üstündə boy-buxunlu, yaraşıqlı biri - Heydər Əliyev dayanıb. Yanında da Zərifə xanım... Soruşdu ki, konsert xoşunuza gəldimi? Özümüzü itirdik. Heydər Əliyev başa düşdü ki, biz konsertdən qaçmaq istəyirik. O, hər birimizlə ayrı-ayrılıqda söhbət elədi. Hansı rayondan olmağımızla maraqlandı. Çox maraqlı söhbətlərilə yadda qaldı. O hadisədən sonra tez-tez filarmoniyaya gedirdik ki, bəlkə Heydər Əliyevi görək”.
Heydər Əliyevin natiqliyi...
Elza Orucovanın sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyevi ikinci dəfə 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində görüb. Həmin tədbirdə çıxış edən Heydər Əliyevin natiqliyi və Azərbaycan dilində çox səlis danışığı onu valeh edib.
Müsahibimiz deyir ki, Jurnalistika fakültəsini bitirəndən sonra bir müddət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Daha sonra Heydər Əliyevin tapşırığı ilə Bakı Ali Partiya Məktəbində təhsil alıb. İkinci ali təhsildən sonra doğma Quba rayonuna qayıdan Elza Orucova burada Quba Xalq Deputatları Sovetinin sədrinin 1-ci müavini, rayon partiya komitəsində təlimatçı və icra başçısının müavini kimi məsul vəzifələrdə çalışıb. Daha sonra 16 il Quba şəhərindəki Heydər Əliyev mərkəzinin direktoru işləyib.
Bəlkə, səni başçı öyrədib?
Elza Orucova Heydər Əliyevin anadan olmasının 75 illiyində ondan şəxsən Qubada park salınmasını xahiş etdiyindən də söz açıb:
"1997-ci il may ayının 6-da Bakıda Heydər Əliyevdən 75 illiyi münasibəti ilə adına park salınmasına icazə verməsini xahiş etdim. Gülümsədi, dedi, bəlkə səni başçı öyrədib? Dedim-yox, qubalıların adından gəlmişəm".
Qubada hazırda 7 hektarlıq ərazidə fəaliyyət göstərən Heydər Əliyev adına mədəniyyət və istirahət parkının təşəbbüskarı, bunun o zaman üçün ilk olması ilə qürur duyan Elza Orucova qazandığı bütün uğurların dahi şəxsiyyət Heydər Əiyevin müstəsna rolu sayəsində reallaşdığını deyir.
Dahi şəxsiyyətin anım günündə ruhuna rəhmət diləyən Elza Orucova milli liderin Azərbaycan xalqının xilaskarı kimi həmişə tarixdə və yaddaşlarda yaşayacağını bildirdi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu