Həkimin reseptə qida əlavəsi yazmasına görə CƏRİMƏLƏR artdı – Bəs, buna necə nəzarət OLUNACAQ?

Hazırda oxunan: Həkimin reseptə qida əlavəsi yazmasına görə CƏRİMƏLƏR artdı – Bəs, buna necə nəzarət OLUNACAQ?

224942

Dekabrın 10-da Milli Məclisin plenar iclasında bioloji fəallığa malik qida əlavələri ilə bağlı məsələ yenidən müzakirə olunub. Belə ki, “bioloji fəallığa malik qida əlavə”si anlayışının “bioloji aktiv qida məhsulu” ilə əvəzlənməsi və həkim reseptinə yazılmasına görə cərimələrin artırılması təklif olunub. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bioloji aktiv qida əlavəsinin qadağan olunma səbəbi

Bildiyimiz kimi, “Dərman vasitələri haqqında” qanunla bioloji fəallığa malik qida əlavələrinin xəstələr üçün həkim reseptinə yazılması qadağandır. Qanunun 14-cü maddəsində qeyd olunub ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji aktiv qida məhsullarının reseptə yazılması qadağandır.

Parlamentin iclasında müzakirələrə qoşulan Milli məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu, neçə il öncə doğru olaraq qanunla qadağan edilib. Deputat bildirib ki, əgər həkim hesab edirsə ki, uşağa süni qida və ya qida əlavəsi lazımdır, onu ancaq tövsiyə edə bilər.

Maraqlıdır, həkimin şifahi tövsiyəsinə görə kim məsuliyyət daşıyacaq? Bunu həkimin tövsiyə etdiyi necə məlum olacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tibb məsələləri üzrə ekspert, professor  Adil Qeybulla deyib ki, istənilən bir təyinatın xəstəyə yazılması hüququ ancaq və ancaq həkimə məxsusdur:

“Xəstəyə kim nə məsləhət görürsə, öz işidir. Amma istənilən bir təyinatın xəstəyə yazılması ancaq və ancaq həkimin hüququdur. Həkim də xəstəyə tövsiyə etdiyi şeyi yazmalıdır.

O baxımdan da şifahi tövsiyə heç bir hüquqi məsuliyyət yaratmır. Bunu həkimin reseptə yaza bilməməsi heç bir anlama da gəlmir. Düşünürəm ki, bu qərar yanlışdır. İstənilən bir təyinatı, müalicə, diaqnostika və sairə yalnız həkim verə bilər. Əgər bioloji aktiv vasitələr ölkədə qeydiyyatdan keçibsə, onun istifadə qaydaları müəyyənləşməlidir və ona görə də onların təyinatını konkret kimsə verməlidir, o da həkimə məxsusdur”.

O, bildirib ki, qərar “yəqin ki, bioloji aktiv əlavələrdən sui istifadə edilməsin” deyə verilib:

 “Düşünürəm ki, bu, yanlışdır. İstənilən bir xəstəyə müalicə təyinatlı tövsiyələri həkim verə bilər və bunlar da fiks olunmalıdır”.

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin