Aşıq Ulduz Binəqədi rayonu ərazisində yerləşən 145 min dəyərində olan torpaq sahəsinin problemini hələ də həll edə bilmir.
Belə ki, daha əvvəl yazdığımız kimi sənətçi Azadlıq metrosunun yaxınlığında, 8-ci mikrorayon S.S.Axundov küçəsində olan ərazisini hasarlamaq istəyərkən 3A saylı binanın bir qrup sakininin etirazı ilə qarşılanıb. Məsələ 3 ildən çoxdur ki, davam edir və problemlə bağlı bina sakinləri ən son Konstitusiya məhkəməsinə müraciət ediblər.
MÖVZU İLƏ BAĞLI:
Aşıq Ulduzun torpaq davası davam edir - Məhkəmə səs yazısını araşdırır - FOTOFAKT
“Fərhad Abdullayevin önünü kəsdik”
Bu barədə məlumatı Bizim.Media saytına şikayətçi Bahar Əliyeva təsdiqləyib. Şikayətçinin sözlərinə görə, artıq 1 il idi ki, bina sakinləri Konstitusiya məhkəməsinə müraciət ediblər.
“Bir il idi ki, bizim şikayətimizi icraata götürmürdülər. Ondan sonra 3-4 nəfər yığışaraq Konstitusiya məhkəməsinin qarşısında Fərhad (Abdullayev) müəllimin önünü kəsib, ona öz şikayətimizi bildirdik.
Bundan sonra dəftərxananın müdiri Anar Cəfərov bizi qarşıladı və şikayətimizin icraata götürülməsi barədə sənəd hazırlanaraq bizə təqdim olundu. Sənədin bir surəti Binəqədi Rayon İcra hakimiyyətinə, bir surəti Rayon polis idarəsinə, biri isə Binəqədi Bələdiyyəsinə göndərildi”.
“Hacıbalan Abutalıbovun verdiyi sənəd ləğv olunub”
Bahar Əliyeva digər rəsmi qurumlara da etdikləri müraciət və şikayətlər barəsində də danışıb. O, bildirib ki, torpaq sahəsində tikinti üçün verilən icazə kağızı llə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində görüşdə də olublar.
“Hacıbala Abutalıbovun dövründə sözügedən torpaq sahəsinə layihələndirməyə icazə verilib, lakin ərizə təsdiqlənməyib. Komitədən də bizə bildirdilər ki, torpaq sahəsində hər hansı bir tikintinin başlanmasına görə heç bir müraciət daxil olmayıb. Mən indi sual verirəm, əgər siz komitəyə müraiət etməmisinizsə və tikintiyə başlamaq icazəniz yoxdursa sən hansı qanunla əraziyə hasar çəkmək istəyirsən?”
Şikayətçi həmçinin vurğuladı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy var ki, o sahədə olan ağaclar kəsilə və köçürülə bilməz.
“Bizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Azər Aslanın şəxsi imzası ilə məktubu var. Orada qeyd olunur ki, nazirlik tərəfindən o sahədə heç bir ağacın kəsilməsi və ya köçürülməsinə icazə verilməyib. Bundan başqa ərazi yaşıllaşdırma idarəsinin balansındadır və torpaq üçün izn alınarkən nə müraciət olunub, nə də izn verilib. Həmin o sənəd rəsmi imza ilə məndədir”.
“Ədliyyə məmuru nə vaxtdan dirək basdıran olub?”
Söhbət əsnasında o, məhkəmə icra məmurlarının qanunsuz hərkətlərinə görə, Ədliyyə naziri Fikrət Məmmədova və Ədliyyə idarəsinin rəisi İlqar Cəfərova da rəsmi sənəd hazırladıqlarını deyib.
“Araşdırılsın baxılsın ki, kapitan rütbəli icra məmuru nə zamandan torpağa dirək basdıran olub?”
Ulduz Vəliyevaya torpaq haqqında qeyri-qanuni sənədin təqdim edilməsini bildirən Bahar Əliyeva bu işdə İnzibati İqtisadi məhkəməsinin hakimi Şərafət Məmmədovanı günahlandırır.
“2013-cü ildə İnzibati İqtisadi məhkəmə hakimi Şərafət Məmmədova ümumi istifadə olunan sahəni qanunsuz olaraq Ulduz Vəliyevanın adına sənədləşdirib. Hətta yenidən bu iş baxılmaq üçün Şərafət xanımın icraatına göndərildi, lakin biz buna etiraz etdikdən sonra, hakim dəyişdirildi”.
“Avropa Məhkəməsinə müraciət edəcəm”
Bahar Əliyevanın iddialarına aydınlıq gətirmək üçün Bizim.Media Aşıq Ulduzun qızı, müğənni Sədaqət Ulduzla əlaqə yaradıb. İfaçı bildirib ki, qarşı tərəfin səsləndirdiyi iddialar əsassızdır. Qanunla torpaq sahəsinə bizə aiddir və qanun şahdır.
“Torpaqla bağlı bütün sənədlərimiz yerindədir. Lazım olan məhkəmələrdə də qalib olmuşuq. Haqq, hüquq doğru olduğumuz üçün bizim yanımızdadır. Sonda haqq- ədalət bərqərar olunmalıdır. Mən lazım gəlsə ömrümün sonuna qədər mübarizə aparacam.
Bizdə ağacların köçürülməsi haqda Ali Məhkəmənin qərarı var. Hazırda biz sadəcə ərazini hasara almaq fikrimiz var, orada hələ ki, heç bir tikinti işi barədə qərarımız yoxdur. Bundan başqa biz icazəsiz heç bir ağaca toxunmayacağıq. Vaxtı gələndə, qanuni şəkildə ağaclar oradan köçürüləcək. Ora mənim özəl torpağımdır. Lazım gəlsə mən Avropa İnsan hüquqları məhkəməsinə də şikayət edəcəyəm”.
Rəsmi qrumların bu torpaqdan xəbəri yoxdu
Məsələnin rəsmi tərəflərini öyrənmək üçün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Ramiz idrisoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd edilən ünvanda tikintiyə icazə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə heç bir müraciət daxil olmayıb. Onun sözlərinə görə, mülkiyyətçi tikintiyə icazə üçün mütləq quruma müraciət etməlidir.
Ramiz İdrisoğlu ərazinin hasarlanması ilə bağlı da danışıb.
“Ərazinin hasarlanması üçün mülkiyyətçi komitəyə müraciət etmir. Hasarın hündürlüyü ilə bağlı tələbi aşmamaq şərti ilə mülkiyyətçi öz torpağını hasara ala bilər. Buna da yerli icra hakimiyyəti orqanı nəzarət edir”.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat katibi İradə İbrahimova isə sayta açıqlamasında bildirib ki, nazirlik sözügedən torpaq sahəsinə heç bir rəy verməyib. Bu ərazi ilə bağlı verilən sənəd ancaq aktdan ibarətdir.
Şikayətçi Bahar Əliyevanın təqdim etdiyi sənədlərin fotolarını təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media