Uşaqlar bir ailədə təhsil ALACAQ - Bağçalarla bağlı “Ailə modeli”i özünü DOĞRULDACAQMI?

Hazırda oxunan: Uşaqlar bir ailədə təhsil ALACAQ - Bağçalarla bağlı “Ailə modeli”i özünü DOĞRULDACAQMI?

224787

Azərbaycanda məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə həyata keçiriləcək. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

Maraqlıdır, sözügedən model necə tətbiq olunacaq? Bu layihə gözləntiləri doğruldacaqmı?

Nazir bildirib ki, layihə çərçivəsində ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır:

"İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".

600 minə yaxın uşaq bağçaya getməlidir...


Təhsil eksperti Elşən Qafarov isə bu mövzuda nikbin düşünmür. Mütəxəssis Bizim.Media-ya açıqlamasında layihə haqda fikirlərini bölüşüb:

“Ölkədə məktəbəqədər təhsilin vəziyyəti təhsilin digər pillələrinə nisbətən daha bərbad haldadır. Bu sahədə ürəkaçan, demək olar ki, heç nə yoxdur. Azərbaycanda məktəbəqədər təhsil qanunvericiliyə görə, 6 yaşı əhatə edir. Ölkə üzrə hər il orta hesabla 140 min uşağın dünyaya gəldiyini nəzərə alsaq və 2-6 yaş arası uşaqların sayını hesablasaq, bu, ortalama 700 min nəfər uşaq deməkdir. 5 yaşlı uşaqların ümumtəhsil məktəblərində məktəbəhazırlıq mərhləsinə cəlb olunması prosesi 2016-cı ildən 2020-ci ilə qədər 90 faizə çatdırılıb. Yəni 5 yaşlı uşaqların təqribən 90 faizi hazırda ümumtəhsil məktəblərindədir. Yerdə qalan 550- 600 minə yaxın uşaq məktəbəqədər təhsil müəssisəsinə getməlidir. Ölkəmizdə isə 2000-ə qədər təhsil müəssisəsi var. Bu müəssisələrdə də cəmi 18 minə qədər uşaq təhsil alır. Yəni 550 min uşaqdan cəmi 18 minə qədəri məktəbəqədər təhsilə cəlb olunub”.

Məktəbəqədər təhsillə bağlı hansı layihələr var?

Ekspert deyir ki, hazırda ölkədə məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi ilə bağlı  bir neçə layihə reallaşdırılır:

“İcmaəsaslı məktəbəqədər təhsil layihəsi, ailə tipli məktəbəqədər təhsil layihəsi və kiçik məktəbəqədər təhsil qrupları adlı layihələr həyata keçirilir. Bu layihələr qısamüddətlidir. Uzunmüddətli fasiləsiz təhsili təmin edə bilmir. Ona görə də, bu layihələri fasiləsiz təhsilə aid etmirik və ora cəlb olunan uşaqları məktəbəqədər təhsil adı ilə dilləndirə bilmirik.

Görünən odur ki, burda ümumilikdə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 5 faizi keçmir. Amma hədəf 50 faizdir. Beynəlxalq sistemdə isə bu, 25 faizdən aşağı olmamalıdır. Bu sahədə ailə modeli, yaxud digər layihələrin həyata keçirilməsi təhsilə ayrılmış büdcənin xərclənməsindən başqa bir şey deyil”.

Bağçalarla bağlı təkliflər...

Elşən Qafarov bildirib ki, təhsil ekspertlərinin bu məsələ ilə bağlı öz təklifləri var:

“Vəziyyətdən çıxış yolu olaraq ölkədə məktəbəqədər təhsil müəssisələrinin tikintisi ilə bağlı dövlət proqramı elan edilsin. Özəl sektorun inkişafı üçün Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarının tələbləri məktəbəqədər təhsilə nisbətdə yumşaldılsın. Məktəbəqədər təhsildə uşaqbaşına düşən maliyyə sisteminə keçirilsin. Eləcə də, bu uşaqların valideynlərinə məktəbəqədər təhsil müəssisələrini seçmək hüququ verilsin. Yəni övladının hansı müəssisədə oxuyacağına valideyn qərar versin. Bunun, özəl, yoxsa dövlət müəssisəsi olmasını özü müəyyənləşdirsin.

Daha sonra məktəbəqədər təhsil müəssisəsi açan iş adamlarına 5 faizdən aşağı, uzunmüddətli və idarəolunan kreditlər ayrılsın. Son olaraq, ərazisində əlavə torpaq sahəsi olan ümumtəhsil məktəblərinin nəzdində məktəbəqədər təhsil müəssisəsi üçün korpus tikilsin. Düşünürəm, bütün bunlar məktəbəqədər təhsillə bağlı vəziyyəti düzəldə bilər. Amma həmin layihələrin həyata keçirilməsi büdcə vəsaitlərinin boşa xərclənməsinə gətirib çıxaracaq. Necə ki, indiyədək xərclənib. Nəticəsi də olmayıb”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin