Direktor və müəllimlərin əlavə YAZI YÜKÜ – Onlar bu işlərə görə ÖDƏNİŞ tələb edə bilərlərmi?

Hazırda oxunan: Direktor və müəllimlərin əlavə YAZI YÜKÜ – Onlar bu işlərə görə ÖDƏNİŞ tələb edə bilərlərmi?

224643

Məktəb direktorları və müəllimlər əlavə yazılar, qeydlər aparmaları ilə bağlı yüklənmələrdən narazıdır. Onlar bildirir ki, elektron jurnallar, gündəlik plan, eləcə də, KSQ və BSQ-lə bağlı yazılar yazmaq, qeydlər aparmaq onların vaxtını çox alır. Müəllimlər deyir ki, bu yazılara həsr etdikləri zamanı şagirdlərə faydalı olacaq məlumatlar əldə etməyə sərf etsələr, daha doğru olar.

Bəs, onların bu əlavə yükünü necə azaltmaq olar? Tədris prosesini uzun-uzadı vaxt alan yazılarsız həyata keçirmək olmazmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə son 6-7 ildir ki, tədris proqramları ilə bağlı müəllimlərin müvafiq qeydlər aparmaları, həm sinif jurnalı, həm elektron jurnal işləmələri, həm də summativ qiymətləndirilmə ilə bağlı yazı işləri artıb:

“Ona görə də məktəb direktorları və müəllimlərin bir çoxu bundan narazıdır:

“Düşünürəm ki, bu, haqlı narazılıqdır. Çünki müəllim 45 dəqiqə ərzində sinifdəki minimum 25, maksimum 40 şagirdin bilik və bacarıqlarını yoxlamalı və onlara yeni dərsi izah etməli, eyni zamanda əlavə yazı-pozulara vaxt ayırmalıdır. Düşünürəm, Təhsil Nazirliyi, o cümlədən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məhz bu amilləri nəzərə alıb müəllimlərin belə yazı-pozu işlərini azaltmalıdır. Burda çalışmaq lazımdır ki, təhsilverənlər öhdəliklərindəki 45 dəqiqəni şagirdlərin bilik və bacarıqlarına sərf etsinlər”.

Digər təhsil eksperti Elşən Qafarov isə bunun normal olduğu qənaətindədir:

“Bir çox hallarda bəzi müəllimlər və məktəb rəhbərləri istər şəxsi söhbətlərdə, istər sosial şəbəkədə belə fikirlər bildirirlər. Əlavə yazılarla yüklənməkləri ilə bağlı narazılıq edirlər. Burda əsas şərt onların öz vəzifələri ilə bağlı olan sənədləşmə işinin aparılmasından gedir. Bu əlavə iş deyil, onların vəzifələrinin bir hissəsidir. İndiyədək bu vəzifələr onlardan tələb olunmayıb, indi olunursa, bu, o demək deyil ki, əlavə işdir. İstənilən halda əmək münasibətləri əmək qanununvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsinin 9-cu maddəsində işçilərin hüquqları göstərilir. Onlar həmin müqavilədə göstərilməyən əmək funksiyalarının yerinə yetirilməsindən imtina edə bilərlər. Yaxud da əlavə işlərə görə ödəniş tələb edə bilərlər.

Amma hazırkı vəziyyətdə, təhsil islahatlarının getdiyi istər müəllimlər, istər digər rəhbər işçilərdən özlərinin vəzifə funksiyalarını yerinə yetirməsi ilə bağlı hesabatlar, sənədlər tələb olunursa, bu, ümumutəhsildə, eləcə də, ümumtəhsilin idarə olunmasında hesabatlıq prinsipinin həyata keçirilməsi deməkdir. Yəni qanundankənar heç bir iş, heç bir sənəd müəllimdən, məktəbdən tələb oluna bilməz və olunmur da...”

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin