Azərbaycanda insanlar tez-tez qonşuların səs-küyündən şikayətlənirlər. Əsasən də bina evidə yaşayanlar üst qonşuların səsindən narahat olurlar. Çox insan narahat olsa da, düşünür ki, hər kəs öz evində istədiyi kimi səs çıxara bilər. Buna görə də, hansı addımları atacaqlarını bilmirlər.Halbuki, beynəlxalq təcrübədə bununla bağlı sərt qaydalar tətbiq olunur. İnsanlar da istirahətlərini pozan səs-küyə qarşı həssas yanaşırlar. Azərbaycanda da qonşuların narahat etmə ehtimalına qarşı hüquqi tədbirlər görmək mümkündür.
Kimə şikayət etməli?
Hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya bu barədə məlumat verib.
“Qonşuların hər hansısa təmir işləri aparması, və yaxud da ümumiyyətlə, yaşadıqları ərazidə digər sakinlərin narazılığına səbəb olan səs-küylərin salınması qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə, məişətdə səs-küyə qarşı mübarizə tələblərini pozanlar 152-200 manat miqdarında inzibati qaydada cərimə olunurlar.
Gecə saat 24:00-dan 07:00-a qədər səsgücləndiricilər, TV, maqnitafon, musiqi ilə digər qonşulara narahatlıq yaratmaq, onların istirahət hüququnun pozulması bu qanuna aiddir.
Sakinlər polisə müraciət etməklə, həmin evə dəvət edib pozuntunun rəsmiləşdirilməsinə nail ola bilərlər. Bunun nəticəsində həmin qonşuya qarşı inzibati qaydada pratokol tərtib olunacaq və bununla bağlı həmin sakin 150 manatdan 200 manata qədər cərimə oluna bilər”.
Binaların infrastrukturu
Təbii ki, qonşular başqalarının istirahətlərini pozmamağa diqqət etmələri ilə bərabər binaların tikilməsinə də diqqət yetirilməlidir. Bir çox ölkələrdə tikilən binalarda səs-küyün qarşısını almaq məqsədilə yeni infrastrukturda (məsələn, səs izolyasiya materiallarının istifadəsi) və evlərdə səs-küyün minimuma endirilməsi üçün texnologiyalar inkişaf etdirilir.
Nuray, Bizim.Media