Qaxda yaşadılan MARAQLI ƏNƏNƏ – Şərab küpü açma mərasimi – FOTO

Hazırda oxunan: Qaxda yaşadılan MARAQLI ƏNƏNƏ – Şərab küpü açma mərasimi – FOTO

224628

Qax rayonunun bir neçə yaşayış məntəqəsində məskunlaşan gürcü xalqının nümayəndələri əsrlərdir ki, buranın digər sakinləri ilə birlik və bərabərlik şəraitində yaşayır. Digər azsaylı xalqlar kimi gürcülər də öz dil və dinlərini inkişaf etdirməklə yanaşı, həm də folklor və mədəniyyətlərini, adət-ənənələrini yaşadır və inkişaf etdirirlər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaşadılan maraqlı ənənələrdən biri də bayram və mərasimlər ərəfəsində, toy və ad günlərində, eləcə də xüsusi qonaq gələndə onların adına şərab yaxud çaxır küpünün açılma mərasimidir. Bu günlərdə əməkdaşlarımız Qaxın Qaxbaş kəndində Qulaşvili ailəsinin qonağı olub.

Qapıda bizi ev sahibi Giya dayı mehriban və gülərüz şəkildə qarşılayır.



Şirin Qax ləhcəsi, bəzən də gürcü sözləri ilə “xoş gəldin” deyir. Həyətə daxil olan andan buradakı səliqə-sahman və bu payız günündə həyətin hər tərəfinin gül-çiçəklə bəzənməsi diqqətimizi cəlb edir.  Həyətdəki səliqə-sahmandan hiss edirik ki, Giya dayı və ömür-gün yoldaşı Tseri xanım zəhmət insanlarıdır. Əsasən də Giya dayı bir anda həyətindəki ağacları bir-bir tərif edir.

Giya dayının şirin qaxlı ləhcəsi isə adamı valeh edir. Deyir, burda qaxlıların içində dünyaya göz açıb. On illərdir, xeyr-şərləri birdi. Qaxla yanaşı Giya dayının bu gün Zaqatalada, Şəkidə eləcə də respublikanın bir çox rayonlarında dostluq əlaqələri saxladığı, evinə gedib-gəldiyi insanlar var.



Həyətini gəzdirə-gəzdirə ağsaqqal bir vacib məsələdən də danışır:

“Bizim Qax çoxmillətli rayondur. Biz gürcülər də burada heç bir təhlükə olmadan yaşayırıq.


Bütün xalqlar kimi bizim üçün də hansı şəraiti lazımdırsa, yaradıblar” - deyən Giya dayı övladlarının da dünyanın harasında olmasından aslı olmayaraq, Azərbaycanla nəfəs aldıqlarını, bura bağlı olduqlarını ifadə edir. 
 

Əvvəllər kəndin kolxozunda sürücü işləyən Giya dayı həm də kənd mədəniyyət evində xor kollektivinin üzvü olub. Deyir ki, xor kolektivi ilə Azərbaycanın əksər bölgələrini gəzib, çıxış edib, alqış, rəğbət qazanıblar. O, bizə keçmiş günləri xatırlaya-xatırlaya həm də adımıza açdığı küpün əhəmiyyətini də anlatmağı unutmur. Ev sahibi küpün ətrafını səliqəli təmizləyəndən sonra qapağını qaldırır və xüsusi kömçə ilə oradan şərabı-çaxırı çıxarır. 


Mərasimi icra edən Giya dayı bildirir ki, burada onun dörd yerdə küpü var. Onlardan ikisi iki il əvvəl qoyulub. Digər ikisi isə bu il basdırılıb. Ev sahibi bu işin ustası olduğunu küpün ağzını açan məqamdan hiss etdirir. Şərabı çıxartdığı çömçəni bir qədər yaxına gətirib qoxlayır və onun vəziyyətini, keyfiyyətini hiss etdiyini bildirir. Söhbət əsnasında onu da öyrənirik ki, 50 litrlik bu küp ötən il basdırılıb. Bizimlə Giya dayının mərasiminə qatılan yol yoldaşlarımız şərabın dadına baxır və onun təmiz, şəffaf və keyfiyyətli olduğunu dilə gətirirlər.

Bu arada Giya dayı keçmişdə ifa etdiyi nəğmələrdən də bir-ikisini astadan söyləməyi unutmur. Deyir, bu da adətdəndir.



Giya dayının həyətindəki üzüm bağı da diqqətimizdən yayınmır.

Qonaqlarının adına açdığı bu şərab küpünün əsas məhsulu həmin bağın meyvələri hesabına başa gəlir. Eyni zamanda bu sadə kənd adamının bostan-dirrik zövqü də diqqətimizdən yayınmır.

Yeri gəlmişkən söhbət əsnasında öyrənirik ki, Giya dayı 47 ildir Tseri xanımla evlidir. Üç övlad, altı nəvələri olan Qulaşvili ailəsi Qaxa və bu yurda bağlı insanlardır. Övladları müxtəlif ölkələrdə yaşasalar da, onlar doğma Azərbaycanda daha rahat və təhlükəsiz həyat sürürlər.

Bu səbəbdən də övladlarını də burada qarşılayıb, elə buradan da yola salırlar. 

Qulaşvili ailəsi ilə sağollaşarkən bizi belə mehriban qarşıladıqlarına görə minnətdarlığımız bildirdik.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin