Milli Məclis “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, layihəyə əsasən məişət zorakılığı ilə bağlı şikayətə baxılması qaydasında dəyişiklik olub.
Belə ki, məişət zorakılığı ilə bağlı şikayətə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü maddəsinin (Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır) və 8-ci maddəsinin (Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri) tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda (müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verəcək. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər) müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər.
Zərərçəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək.
Zərərçəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq. Məişət zorakılığından zərərçəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunacaq. Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
- məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
- məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi; - zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi; - zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi. Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçiriləcək. Qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media